Yuxuda ünsiyyət qurmaq mümkün olacaq

ABŞ-ın “REMSpace” texnologiya startapı, aydın yuxu vasitəsilə iki nəfər arasında ünsiyyət qurmağın mümkünlüyünü iddia edir. Şirkət bu nailiyyəti başa bərkidilən və WiFi vasitəsilə serverə qoşulan xüsusi cihazın köməyi ilə həyata keçirdiklərini bildirib.

Viral.az “euronews.com” saytına istinadla xəbər verir ki, təcrübə zamanı hər iki iştirakçı aydın yuxu vəziyyətində olub. Şirkətin məlumatına görə, cihaz vasitəsilə iştirakçıların beyin dalğaları və ürək döyüntüləri izlənilib. Əvvəlcə aydın yuxuya girən iştirakçıya gizli bir söz çatdırılıb. Daha sonra bu mesaj, ikinci iştirakçı aydın yuxu vəziyyətinə keçdikdə ona ötürülüb. Təcrübənin nəticələrinə əsasən, ikinci iştirakçı yuxu vəziyyətində aldığı mesajı ayıldıqdan sonra düzgün şəkildə təkrar edib.

“REMSpace” bu nailiyyəti “ilk yuxu söhbəti” adlandırır. Lakin eksperimentin nəticələri hələ tanınmış elmi jurnalda dərc olunmayıb. Bu da müstəqil tədqiqatçılar tərəfindən nəticələrin təsdiqlənmədiyini göstərir. Şirkət, təqdim edilən məqalənin yaxın iki-altı ay ərzində nəşr olunacağını qeyd edib.

Son Yazılar:

“REMSpace”in baş direktoru Maykl Raduqa bu texnologiyanın elm dünyasında inqilabi bir dönüş nöqtəsi ola biləcəyini vurğulayıb. Onun sözlərinə görə, yuxuya nəzarət süni intellektdən sonra növbəti böyük sənaye sahəsi ola bilər. O, oktyabrın 8-də keçirilən ikinci təcrübənin də müvəffəqiyyətlə başa çatdığını iddia edib. M.Raduqa bildirib: “Dünən yuxularda ünsiyyət qurmaq elmi fantastika kimi görünürdü. Sabah bu texnologiya o qədər geniş yayılacaq ki, onsuz necə yaşadığımızı təsəvvür edə bilməyəcəyik”.

Bu yeni texnologiya, aydın yuxuların tədqiqində əhəmiyyətli bir mərhələ olmaqla yanaşı, elmi ictimaiyyət tərəfindən daha geniş miqyasda qiymətləndirilməsini gözləyir.