Qalmaqallı məktəbin direktoruna şiddətli töhmət VERİLDİ

Gəncə şəhəri İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbdə çoxsaylı nöqsanlara yol verilməsi ilə bağlı iddialar yayılıb.

Viral.az xəbər verir ki, iddialar sosial şəbəkədə yayılıb.

Yayılan səs yazısında iddia edilir ki, məktəbdə fond pulu, təmizlik pulu, summativ pulu, xadimə pulu və sair yığılır: “Təhsil idarəsinin adından övladımın çantasına məcburi şəkildə yeddi manatlıq sınaq bileti qoyublar”.

Son Yazılar:

Məsələyə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi münasibət bildirib. Qurumdan “oxu.az”a verilən açıqlamada qeyd olunur ki, idarəyə daxil olan valideyn və vətəndaş müraciətləri operativ şəkildə qeydiyyata alınır və həmin müraciətlər əsasında müvafiq yoxlama-nəzarət tədbirləri həyata keçirilir:

“Təhsil müəssisələrində valideynlərin əlavə tədris materialları almasına təşviq edilməsi, eləcə də müxtəlif sınaq imtahanları üçün məcburi şəkildə hər hansı vəsaitin toplanılması yolverilməzdir.

Bildiririk ki, Gəncə şəhəri İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin fəaliyyəti ilə bağlı yayılan səsyazısı ilə əlaqədar Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb. Araşdırma nəticəsində ümumi təhsil müəssisəsinin fəaliyyətində bir sıra nöqsanlar aşkar edilib. Regional Təhsil İdarəsinin müvafiq əmrinə əsasən, adıçəkilən təhsil müəssisəsinin direktoruna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Qeyd edirik ki, tədris prosesinin keyfiyyətinin artırılması və müəssisələrin fəaliyyətində şəffaflığın təmin edilməsi məqsədilə təhsil müəssisələrində sistemli və ardıcıl şəkildə yoxlama-nəzarət tədbirləri həyata keçirilir”.