Dekabrın 11-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) və Audiovizual Şuranın təşkilatçılığı ilə “Azərbaycan Respublikasında radio yayımın dünəni, bu günü və sabahı” mövzusunda seminar keçirilmişdir. Seminarda ötən illərdə radioyayım sahəsində görülmüş işlərə, audiovizual yayımçılara göstərilən dövlət dəstəyi sayəsində əldə olunnuş nailiyyətlərə nəzər salınmış və sahənin gələcək inkişafı ilə bağlı planlar müzakirə edilmişdir.
Viral.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Rəqəmsal və İnkişaf Nazirliyinin, Audiovizual Şuranın, RİNN-in tabeliyində olan “Radio Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin, Dövlət Radiotezliklər İdarəsinin, həmçinin ümumölkə radio yayımçılarının nümayəndələri iştirak etmişdir.
Çıxışlarda müstəqillik dövrünün ilk vaxtlarından hazırki dövrədək Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ölkədə radio yayımın sürətlə inkişaf etdiyi vurğulanmışdır. Bakı Teleqüllə Kompleksinin yarımçıq qalmış tikintisinin Ümummilli lider Heydər Əliyevin birbaşa tapşırığı ilə başa çatdırılması və 1996-cı ildə bilavasitə onun iştirakı ilə istismara verilməsi hadisəsi qürurla xatırlanmışdır. Bunun sayəsində ölkədə televiziya və radio yayımının keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi ilə yanaşı, həmin dövrün qabaqcıl texnologiyası hesab edilən FM radio yayımlarına başlanılmışdır.
Son Yazılar:
- “Barselona” qalib gəldi, “Mançester Siti” uduzdu
- Birinci vitse-prezident Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
- Ümummilli liderin anım günüdür
FM radioyayımın ölkədə geniş tətbiqi, kanalların texniki imkanlarının inkişafı, yayım infrastrukturunun genişləndirilməsi sonrakı dövrdə AM radioyayımların dayandırılmasına imkan vermişdir. Bu texnologiya radioyayım üçün illik enerji istehlakının 14 dəfə, illik karbon emissiyasının 18,7 kilotondan 1,3 kilotona qədər azaldılması ilə ekoloji mühitə öz töhfəsini vermişdir.
Seminarda məlumat verilmişdir ki, 2016-cı ildən başlayaraq cəmiyyətin informasiya ehtiyacının ödənilməsi, əhalinin maarifləndirilməsi, ölkədə və beynəlxalq aləmdə Azərbaycan xalqının mədəni irsinin təbliği işində fəal iştirak edən özəl yayımçıların maddi-texniki bazasının gücləndirilməsi məqsədilə dövlətin maliyyə yardımı göstərməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti tərəfindən müvafiq sərəncamlar imzalanmışdır. Beləliklə, dövlətin bu illər ərzində 5 dəfə olmaqla ümumilikdə 15 milyon manat həcmində maliyyə yardımı sayəsində keyfiyyətli radio yayımı təmin edilmişdir.
Bu siyasətin davamı olaraq ölkə əhalisinin istifadə etdiyi radio yayımların daha geniş ərazidə və daha keyfiyyətli yayımının təmin edilməsi zərurətindən irəli gələrək ölkə Prezidenti İlham Əliyev tərəfindən 24 iyul 2023-cü il tarixində “Azərbaycan Respublikasının ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında” Sərəncam imzalanmış və bu məqsədlə 13,7 milyon manat vəsait ayrılmışdır.
Sərəncamın icrası nəticəsində müxtəlif təyinatlı texniki vasitələr alınaraq 17 radio-televiziya yayım stansiyasında quraşdırılmaqla, eyni zamanda infrastrukturun dayanıqlığının artırılması və müasirləşdirilməsi həyata keçirilməklə bütün ölkə ərazisində, o cümlədən işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda ümumölkə radio yayımçılarının proqramlarının yayımının əhaliyə əlçatanlığı təmin edilmişdir.
Sözügedən Sərəncamda ümumölkə radio yayımçılarına əlavə dəstək kimi 3 illik istismar xərcinin dövlət büdcəsi hesabına ödənilməsi nəzərdə tutulmuşdur ki, bu da radio yayımçılara əlavə dəstək tədbiri olaraq həmin müddət ərzində kommersiya fəaliyyətlərini genişləndirmək imkanı verir.
Son 5 ildə radio proqramlarda müxtəlifliyin daha yüksək səviyyədə təmin olunması, həmçinin milli radiotezliklərdən səmərəli istifadənin təşkili məqsədilə Audiovizual Şura tərəfindən müsabiqələr təşkil edilmiş və nəticədə ümumölkə statuslu yerüstü radio kanalların sayı 11-dən 17-dək artmışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 oktyabr 2023-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində rəqəmsal radio yayımının tətbiqi və inkişafı üzrə Tədbirlər Planı” radioyayım sahəsində rəqəmsal keçid üçün mühüm sənəddir. Sözügedən Tədbirlər Planının icrası nəticəsində Bakı şəhəri və Abşeron yarımadası ərazisində hələ 2019-cu ildən başlanılmış “DAB+” standartlı rəqəmsal radionun ölkənin bütün ərazisinə genişləndirilməsi nəzərdə tutulur. Bu məqsədlə cari ilin sonunadək Bakı Teleqüllə Kompleksindən aparılan “DAB+” standartlı radioyayım avadanlıqlarının yeniləri ilə əvəz edilməsi və Ağsu rayonunda yerləşən “Gülüstan” radio-televiziya yayım stansiyasından “DAB+” yayımın təşkili planlaşdırılır.
Azərbaycan Respublikasında bu sahədə həyata keçirilən ardıcıl dövlət siyasəti əhalinin informasiya təminatının müasir tələblərə uyğun şəkildə təşkilini, həmçinin ölkənin milli təhlükəsizliyinin gücləndirilməsini təmin edir.
Seminarda iştirak edən özəl radio yayımçıları müzakirələrdə fəal iştirak etmiş, dövlət tərəfindən göstərilən dəstəyə, yaradılan əlverişli fəaliyyət şəraitinə görə dövlət orqanlarına, xüsusən də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər. Yayımçılar arasında özəl kanalların çoxluq təşkil etdiyi bu sahədə dövlət-özəl tərəfdaşlığının yeni-yeni uğurlarla davamlı inkişafa səbəb olacağına əminlik ifadə edilmişdir.