QHT Agentliyi Naxçıvanda görüş təşkil edib

Bu gün Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” başlayıb.

Açılış mərasimindən öncə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi ziyarət olunub, önünə güllər düzülüb.

Viral.az-ın məlumatına görə, proqramda iştirak edəcək heyətlə görüş təşkil olunub. Görüşdə Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin təmsilçisi Günay Malikqızı, Naxçıvan MR-nın ədliyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Hüseyn Səfərov və digər məsul şəxslər iştirak edib.

Görüşdə QHT-lərin cəmiyyətdə layiqli yer tutması, onların müsbət təşəbbüslərinin dəstəklənməsi bağlı Azərbaycan dövləti tərəfindən aparılan işlərin mahiyyəti, fəlsəfəsi izah olunub, QHT-lərin sualları cavablandırılıb və təklifləri dinlənilib.

QHT-lərin bilik və bacarıqları artırılmasının önəminə toxunulub, onlara “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı”nda uğurlar arzulanıb.