“Turan yolu-Zəngəzurum” əsərinin təqdimatı olub

Mayın 3-də Bakıda Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə dekorativ tətbiqi sənət ustaları Lalə, Toğrul və İsgəndər Sərdarlıların ərsəyə gətirdiyi “Turan yolu-Zəngəzurum” adlı əsərin təqdimatı olub. 

Viral.az xəbər verir ki, təqdimatda Sərdarlı ailəsinin müəllifi olduğu 50-yə yaxın əsər nümayiş olunub. 

Sərdarlıların əl işləri Azərbaycan mədəniyyət tarixində ilk dəfə müvafiq qurumlar tərəfindən sənət əsərləri kimi dəyərləndirilərək, qeydiyyata alınan dekorativ tətbiqi sənət nümunələridir. 

Bakı Yunus Əmrə İnstitutunun başqanı Selcuk Karakılıç, Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev və İstanbul millət vəkili Doğan Bekin sərginin əhəmiyyətindən danışıblar. Onlar Sərdarlılar ailəsinin yaradıcılığına xüsusi dəyər verdiklərini qeyd ediblər.

Çıxışlarda ailənin unudulmuş tətbiqi sənət nümunələrini yenidən fərqli məzmun və formatda ictimaiyyətə təqdim etməsinin əhəmiyyət vurğulanıb.

Azərbaycan Rəssamlar ittifaqının üzvü, Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım İctimai Birliyinin Beynəlxalq əlaqələr bölməsinin rəhbəri, dekorativ tətbiqi sənət ustası İsgəndər Sərdarlı bildirib ki, tədbirin əsas məqsədi unudulmaqda olan xalq sənəti nümunələrimizin günümüzə qayıdışını təbliğ etməkdir.

Daha sonra qonaqlar Sərdarlıların bir-birindən maraqlı əsərləri ilə tanış olublar. 

Qərbi azərbaycanlılara məxsus tarixi memarlıq abidələrini, mədəni irs incilərini tərənnüm edən özünəməxsus üslubda işlənmiş dekorativ tətbiqi sənət nümunələri və digər əsərlər milli koloriti və orijinallığı ilə göz oxşayıb.

Sərdarlılar ailəsinin yaratdığı sandıq, mücrü və zinət əşyaları Azərbaycan mədəniyyət tarixində ilk dəfə olaraq sənət əsərləri kimi dəyərləndirilib. 

Hazırda Sərdarlılar ailəsinin bir sıra əsərləri Macarıstan, Şimali Kipr, Kanada muzeylərində, həmçinin müxtəlif ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır.