Dünyanın ən yaxşı köynəkləri

Güman ki, kiminsə hədiyyə kimi gətirib, babamın heç vaxt istifadə etmədiyi, məktəbdən tutmuş qab yuduğum vaxtlarda da geyindiyim bu köynəkdən qətiyyən əl çəkməyəcəyəm, ya da sabah zibil qabının içində olacaq. Seçim imkanı məndədir.

Hər il uzatmaq üçün söz verib, çiynimi yarım qarış aşanda kəsdiyim saçlarımı, bəlkə də, heç vaxt uzatmayacağam, ya da günü sahab qaynaq edə bilərəm. Bu mənim seçimimdir.

Yeri gələndə bir metr olan dilim bəzən bütün gün boyunca iyirmidən çox söz demədiyi halda, bəzən həmin iyirmi sözlə iyirmi dilin işini görər, ya da əbədiyyən həmişə başqalarının danışmasına imkan verər, bu naşılıq deyil, mənim seçimimdir.

Bəzən özünü ifadənin nə olduğunu unudub on nəfərlik auditoriyanın qarşısında topuq çalan dilim, vaxt gələr arqumentləri ilə min nəfərlik auditoriyaya çəpik çaldırar, ya da yox. Ola bilsin ki, 50℅-i bədənimin mühitə qarşı reaksiyasıdır, amma digər 50℅-i mənim seçimimdir. Danışmıramsa, bilmədiyimdən deyil, müvafiq payızı gözlədiyimdəndir. Mən cücələri sayacağam, amma siz saymaya da bilərsiz. Çünki bu sizin seçiminizdir. Hərdən elə naqolay davranıram ki, verəcəyi utanc bir ömür bəs eləyər, amma heç kəs deyə bilməz ki, nəzakətli olmağa çalışmıram. Kiməsə görə eqosu tavan, kiməsə görə əzik, kiməsə görə müfəssəl, kiməsə görə səthi insanam. Onsuz da hamısıyam. Çünki bu da mənim seçimimdir, eyni zamanda da yox.

Bir insandan hansı auranı alıramsa, ona görə davranmağa başlayıram. Sizin davranış və danışığınıza beynim eyni biçimdə cavab verir. Bu unikallıq deyil, beynimizin oynadığı milyonlarla oyundan biridir. Davranış şəklim, rəftarınızın yansımasıdır.

Heç kimin şərhləri müstəsna deyil. “Mühit bizi yaratdı” (Jan Pol Sartr). Doğuluşdan əvvəl heç nə yox idi, müəyyən ehtimalla sonra da olmayacaq. “Düşüncə tərzimiz” əsrlərdən bəri formalaşmış, təkrarlanmış, hətta çeynənmiş fikirlərdən ibarətdir. Hansısa yeni misilsiz fikirlərə sahib olduğunu düşünürsənsə, axtarsan yəqin ki, eyni ideyanı Freyddə, Nitsşedə taparsan, amma şarlatanlığın bir addımlığında olsan da özünü unikal hesab edə bilərsən. Çünki bu sənin seçimindir. Mən isə manikürsüz dırnaqlarımla xoşbəxt olub, dünyanın ən yaxşı köynəklərini – babamın köynəklərini geyinib həyatıma davam edəcəyəm. Çünki hələ ki, bu mənim seçimimdir.

Bənövşə Bağırova, BDU Jurnalistika fakültəsinin tələbəsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir