Rəyimizin və həmrəyliyimizin 16 dekabrı

“Xalqı həmişə mənəviyyat birləşdirmişdir. Çünki başqa əsaslara nisbətən mənəvi əsaslar daha üstündür” – deyən əbədiyaşar rəhbərimiz Heydər Əliyev fəaliyyətinin bütün dövrlərində xalqın mənəvi dəyərlərini üstün tutmuş, xalqın mənəvi birliyini, həmrəyliyini yaşatmış və qoruyub saxlamışdır.

Azərbaycançılıq ideologiyasını üstün tutan, ümummilli maraqlar ətrafında cəm olmağın vacibliyini bəyan edən dahi lider ölkəyə ilk dəfə rəhbərlik etdiyi 1969-82-ci illərdə canı qədər sevdiyi xalqı imperiyanın yad təsirlərindən qorumuşdur. Sovetlər dövrünün sərt qaydalarına baxmayaraq, dahi rəhbər xalqının milli ruhunu oyatmış, milli özünüdərkin, milli özünəqayıdışın özülünü qoymuşdur.

Sovetlər birliyi çərçivəsində istər Azərbaycanda, istərsə də digər respublikalarda yaşayan azərbaycanlılar arasında vəhdət yaratması, xalqın, millətin öz gücünə, qüdrətinə inamını artırması, hakimiyyət strukturlarına əsasən azərbaycanlıları yerləşdirməsi ulu öndərin əsas məqsədi, amalı idi. Bütün bu gedişat, atılan addımlar isə sabahımız üçün planlaşdırılmışdır.

Belə bir məqam yetişdi. Sovetlər birliyi dağıldıqdan sonra Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci ilin 31 dekabrı Dünya Azərbaycanlılarının “Həmrəylik və Birlik Günü” olaraq təsis edildi. Dünya azərbaycanlıları üçün əziz və müqəddəs hesab olunan həmin tarixi hadisəyə gedən yol elə həmin ilin 16 dekabrından keçir. Və bir də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinindən. Yuxarıda adın qeyd etdiyim Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan xalqı üçün hər zaman yüksək dəyərə və tarixə malik bir məkandır. Çünki həmin binada hələ Sovetlər birliyinin mövcud olduğu bir vaxtda ümummilli liderimiz Heydər Əliyev tərəfindən üçrəngli bayrağımız rəsmi dövlət bayrağı kimi təsdiq edilmişdir.

Heydər Əliyevin uzaqgörənliyi ilə hələ Sovetlər dövründən təməli qoyulan xalqın birliyi 1991-ci ilin 16 dekabr günündə verilən qərarla milli birlik və həmrəyliyimizin tarixində ən parlaq səhifələrdən birinə çevrildi. Ümumiyyətlə həmin ərəfədə bu qərarı qəbul etmək çətin olduğu qədər də, olduqca vacib idi. Çünki qarşıdakı müstəqilliyi ancaq və ancaq xalqın milli birliyi qoruya bilərdi. Sonrakı illərdə isə xalqın birliyi həm daxili, həm də xarici düşmənlərə qarşı keçilməz çəpər olmağı bacardı. Həqitən də elin gücü, xalqın birliyi öz sözünü Heydər Əliyevi xalqına yenidən rəhbər seçərək demiş oldu.

Ən böyük şəxslər özündən çox, mənsub olduğu xalqı düşünən, onun xoşbəxtliyi yolunda həyatını qurban verən insanlardır. Həqiqətən də ulu rəhbər canından çox sevdiyi xalqının xoşbəxt gələcəyini, parlaq sabahını qurdu. Həmin sabahların xoşbəxtliyini isə əbədiyaşar liderimiz Heydər Əliyevin siyasi yolunun davamçısı olan cənab prezidentimiz İlham Əliyevin timsalında milli birliyə sadiq olan xoşbəxt Azərbaycan xalqı olaraq yaşayırıq. Vaxtilə 1994-1995-ci illərdə Heydər Əliyevin çağırışı ilə Azərbaycan adlı məmləkəti ciddi təhlükələrdən qoruyan yüz minlərlə həmvətənimiz illər sonra yenidən milli birlik göstərdi. Bu dəfə Azərbaycan xalqı torpaqları uğrunda başlayan haqq savaşında Ali Baş Komandanın ətrafında sıx birləşərək Qarabağ problemində heç bir vəchlə güzəştə getmədi. Ali Baş Komandanımız Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərməklə, bu ulu xalqın gücünü, birliyini bütün dünyaya nümayiş etdirdi.

Cənab Prezidentimiz İlham Əliyevin: “Bu gün Azərbaycan xalqı yumruq kimi birləşib! Bu birlik əbədi olacaq!” – sözləri, xalqın qan yaddaşına əbədi olaraq həkk olundu.

Əsgər İsmayılov,
BDU Jurnalistika fakültəsinin tələbəsi