Yaşayan hisslərin ünvanı…

Ömər Xəyyam deyirdi ki, can bizə verilən əmanətdir. Dərin həqiqətdir. Bu mənada N.F.Qısakürək də insan oğlunun keçirdiyi təlaşa şeirlə cavab verərək yazırdı: “…Təlaşını görən də can sənin zənn edəcək…”

Gec, ya tez, bir gün verilən can, gün gələr bizdən alınar. Müqəddəslərdən biri deyirdi: “İnsan ömrü üç gündən ibarətdir; bir gün gəlirik, bir gün yaşayırıq, bir gün ölürük. Əsas həyat isə torpağın altında başlayır. Verilən əmanət tək-tək alınır. Ən birinci mədəmiz çürüyür, sonra ciyərlərimiz, ardınca beynimiz… Günlərlə fikirləşdiyimiz, dərd etdiyimiz hər şey bir gecədə çürüyüb, yox olar.

Sona ürək qalır. Əlbəttə, ürəyimiz də çürüyür. Amma ürək sadiqdir, içində saxladıqlarını torpağa qarışmasına icazə vermir, mübarizə aparır və ən sonda bütün saxlanılanları ruha təslim edir. Çünki bilir, ruh ölümsüzdür, əbədidir. Verdiklərini sonsuzadək saxlayacaq.

Göydə də bir həyat var. Sağlığımızda görməsək də, ölümdən sonra qismət olur, hər ruhun yolu düşür. Rəvayətə görə: Göyün birinci qatında ruhlar aləmi var. Bütün ruhlar burada yaşayır. Hər ruhun öz rəngi olur. Səma ona görə dəyişkəndir. Gün boy verəndə səma narıncı rəngə boyanır, bəzən boz olur, bəzən sadəcə mavi, gecələr qara olur… Əslində bu rənglər səmanın rəngi deyil, orda yaşayan ruhların rəngidi.. Səma ədalətlidi hər gün bir rəngə “hakimlik” edir.

Bəlkə də bütün bu prosesi dərindən anlaya bilsək, sağlığımızda özümüzə dəyər verərik, bir gün də olsun nə özümüzü, nə başqalarını incitmərik. Köksümüzdə yaşayan ürəyə bu qədər əzab vermərik. Axı ürək sadəcə bir orqan deyil, həm də yaşayan hisslərin ünvanıdır. Hisslərdən söz açmışkən, onu da qeyd etmək yerinə düşərdi ki, ürəyi xoşbəxt etməyin tək yolu gözəl hissləri yaşamaqdı. Bəs necə yaranır gözəl hisslər, duyğular? Əlbəttə, yaxşılıq edərək, sevərək, dəyər verərək… Zənnimcə, ən gözəl hiss başqasının xeyirinə, uğuruna ondan çox sevinməkdi. Yazıda qeyd etdiyimiz kimi, səma ruhların rəngini əks etdirir.

Yəqin ki, hər birimiz “qızıl şəfəqlər” ifadəsini eşitmişik. Səmada arabir görünən “qızıl şəfəqlər” qızıl ürəklərin ruhudur. Onlar sağlığında ürəyə ən gözəl duyğuları ötürməyi bacarırlar. Sonda onu qeyd etmək istərdim ki, qəlb Allahın evidir. Çalışaq, Uca Rəbbimin evinə hər zaman yaxşı qonaqları çağıraq…

Nəzrin Süleymanova, BDU Jurnalistika fakültəsinin tələbəsi