XİN-də rəsmi qəbul təşkil olunub

İyulun 8-də Gülüstan sarayında Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 105 illik yubileyinə həsr olunmuş rəsmi qəbul təşkil olunub.

XİN-dən Viral.az-a verilən xəbərə görə, rəsmi qəbulda Xarici İşlər Nazirliyinin rəhbər heyəti, müvafiq dövlət qurumlarının yüksək səviyyəli nümayəndələri, habelə ölkəmizdə akkreditə olunmuş diplomatik korpus iştirak edib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov 9 iyul – diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə beynəlxalq müstəvidə ölkəmizin maraqlarını qoruyan və təşviq edən bütün əməkdaşları ürəkdən təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzu edib. Xidməti fəaliyyətləri zamanı dünyasını dəyişən diplomatların xatirəsi ehtiramla yad edilib.

Son Yazılar:

Ölkə rəhbərliyi tərəfindən aparılan, milli maraqlara əsaslanan suveren, uzaqgörən və praqmatik xarici siyasət xəttinin ölkəmizin bütövlüyünün qorunması, vətəndaşlarımızın rifahı, inkişafına hədəfləndiyi, eyni zamanda regional və beynəlxalq dayanıqlı inkişafa töhfə verdiyi diqqətə çatdırılıb.

Bu istiqamətdə qarşılıqlı hörmət və daxili işlərə qarışmama kimi prinsiplərin rəhbər tutulduğu ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf etdirildiyi, habelə müxtəlif, o cümlədən iqtisadi, energetika, nəqliyyat, humanitar, rəqəmsal diplomatiya sahələri üzrə təşəbbüslərin irəli sürüldüyü bildirilib.

Uzun illər ölkəmizin xarici siyasət prioriteti olan Ermənistanın keçmiş işğalına son qoyulması istiqamətində Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı, cənab Prezident İlham Əliyev tərəfindən görülən böyük işlər nəticəsində ərazi bütövlüyü və suverenliyimizə beynəlxalq dəstəyin təmin olunduğu, bununla da zəfərimiz üçün zəruri siyasi və hüquqi çərçivənin yaradıldığı vurğulanıb.

Keçmiş münaqişənin başa çatması ilə bölgədə yeni reallıqların, sülh, sabitlik və əməkdaşlığın qurulması üçün yeni imkanların yarandığı qeyd olunub. Yaranmış bu tarixi şəraitdə ölkəmizin hər zaman olduğu kimi dialoq və sülh tərəfdarı qismində çıxış etdiyi, qarşı Ermənistan tərəfi üçün isə ərazi iddiaları yerinə regional əməkdaşlığı seçmək vaxtının gəlib çatdığı qeyd edilib.

Hazırda beynəlxalq münasibətlər sistemində hökm sürən qlobal qeyri-stabilliyin fonunda Azərbaycanın baxışının çağırışlara qarşı mübarizədə möhkəm əməkdaşlığın gücləndirilməsi olduğu və bu baxışın irəlilədilməsinin xarici siyasətimizin yeni proaktiv roluna dəlalət etdiyi bildirilib. Bu istiqamətdə, xüsusilə ailəmiz hesab etdiyimiz Türk Dövlətləri Təşkilatının gücləndirilməsi, habelə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyimiz çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə sahasində inkişaf etmiş və inkişafda olan ölkələr arasında körpü yaradılması istiqamətində təşəbbüslərin əhəmiyyəti diqqətə çatdırılıb.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının Prezidentinin köməkçisi – Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xarici İşlər Nazirliyində, o cümlədən xarici ölkələrdə fəaliyyət göstərən bütün diplomatik xidmət orqanları əməkdaşlarına, o cümlədən peşə bayramı ərəfəsində ölkə başçısı cənab İlham Əliyev tərəfindən diplomatik rütbə ilə təltif olunan diplomatlara səmimi təbriklərini çatdırıb. Keçmiş işğal və münaqişənin aradan qaldırılmasından sonra bu gün diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramının tam fərqli ab-havada qeyd olunduğu bildirilib.

Ölkəmizin regional və qlobal təşəbbüslərindən geniş bəhs edən Hikmət Hacıyev, xüsusilə COP29 sədrliyimizin qlobal çağırışlarla mübarizəyə sadiqliyimizi nümayiş etdirdiyini bildirib.

Regionumuzda sülh və təhlükəsizlik quruculuğunun vaxtının yetişdiyi, bölgəmizin silahlara deyil, əməkdaşlığa ehtiyacının olduğu diqqətə çatdırılıb.

Sülh prosesinin əsas komponenti olan sülh müqaviləsinin isə imitasiya xarakterli deyil, həqiqi və səmimi olmasının vacibliyi, bu istiqamətdə ilk növbədə Ermənistanın daxili auditoriyasının buna hazır olmasının əhəmiyyəti vurğulanıb.

Tədbirdə çıxış edən ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun duayeni Nasir Əbdül Kərim Əbdül Rəhim Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin adından səmimi təbriklərini çatdırıb. Müstəqilliyinin ilk illərindən bəri Azərbaycan tərəfindən əldə olunan diplomatik uğurların sevinc doğurduğu qeyd olunub, ölkəmizə bundan sonra da davamlı nailiyyətlər arzulanıb.

Daha sonra tədbir iştirakçıları Azərbaycanın diplomatiya tarixinə həsr olunmuş videoçarxı izləyiblər.

Rəsmi qəbul ziyafət və konsert proqramı ilə davam edib.