Parlamentin iclasında ayı hücumları müzakirə ediləcək

Rumıniyanın Baş naziri Marsel Çolaku ayı hücumlarının qarşısını almaq üçün qanunvericiləri parlamentin növbədənkənar iclasına çağıracaq. Növbədənkənar sessiyanın keçirilməsi barədə qərar turist marşrutunda ayının bir qadını parçalaması faktından sonra verilib.

 

Viral.az xəbər verir ki, Avropada qonur ayıların ən çox populyasiyası – təxminən 8 min fərd Rumıniyada yaşayır.

Son Yazılar:

 

İyulun 10-da dağ mühafizəçiləri Rumıniyanın mərkəzində, Karpat dağlarında olan məşhur cığırın yaxınlığında 19 yaşlı qızın meyitini tapıblar. Xilasedicilər onun cəsədini dərədən çıxarmağa çalışsalar da, ayı onlara hücum edib. Daha sonra əraziyə gələn yerli polis ayını odlu silahla vurmağa məcbur olub.

 

Baş nazir jurnalistlərə deyib ki, o, deputatları iyunun sonunda başlayan və sentyabrın əvvəlinə qədər davam edən yay tətilindən geri çağıracaq. Çolaku növbədənkənar sessiyanın dəqiq vaxtını bildirməyib, lakin onun məqsədinin yüksək riskli ərazilərdə yardımın göstərilməsi ilə bağlı tədbirləri razılaşdırmaq olduğunu qeyd edib. “Rumıniyada ayıların ucdantutma məhvi baş verməyəcək”, -deyə hökumətin başçısı əlavə edib.

 

Yerli media mütəmadi olaraq ayıların insanlara və mal-qaraya hücumları barədə xəbərlər yayır. Əksər hallarda insanlar sağ qalıb və yaralanıb.

 

Mart ayında Rumıniyanın ətraf mühit naziri bildirib ki, ayılar son 20 ildə 26 nəfəri öldürüb.

 

2021-ci ildə hökumətin qərarı ilə şəhər və qəsəbələrin hakimiyyət orqanlarına insanların bağlarına və evlərinə soxulan ayıları qovmaq cəhdlərinin uğursuz olacağı təqdirdə, bu heyvanları silahla vurmaq hüququ verilib.

 

Heyvan haqları müdafiəçiləri həmin vaxt bu qərarı sərt tənqid ediblər və rəsmilərin elektrik hasarlarının quraşdırılması, habelə daha yaxşı idarəetmə də daxil olmaqla digər profilaktik tədbirlərin həyata keçirilməsi üçün kifayət qədər iş görmədikləri barədə bəyanat yayıblar.

 

Onlar, həmçinin bildiriblər ki, ayı hücumlarının artması heyvanların yaşayış yerlərinin tikinti, meşələrin qırılması və iqlim dəyişikliyi ilə müşayiət olunan təhdidlərlə üzləşməsi, bir sözlə, insan davranışı ilə əlaqədardır. Ayıları, həmçinin şəhər kənarındakı zibilliklər və turistlərin qoyub getdikləri yeməklərin qalıqları cəlb edir.