“Bir mövzuya epizodik toxunaraq onu dərinləşdirməyə bir çox hallarda lüzum görmürəm. Çünki həqiqətən də cəmiyyətimizi daha səviyyəli və faydalı mövzularda müzakirələrə yönəltmək lazım. Ancaq yenə də məlum “balta” olayı üzərindən bir çox tanınmış simaların açıqlamaları üzərindən “cəmiyyətdə ədalət əyarının” nə qədər aşağı olduğunu göstərən məqamlara toxunmağı vacib sayıram. Çünki bu adamlar bütün çıxışlarında, yazılarında bəzən ABŞ-dən, Fransadan, ATƏT-in Minsk qrupundan, bəzən də Allahdan, dövlətdən, iqtidardan, müxalifətdən ədalət tələb edirlər, ancaq qarşılarına adi bir həyat epizodu çıxan kimi, azacıq ədalət ölçüsünü doğru nizamlaya bilmirlər”.
Viral.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili Fazil Mustafa Xalq artisti Ağadadaş Ağayevin balta ilə “Medera” hospitalın əməkdaşına hücumu barədə danışarkən bildirib.
Deputat deyib ki, tanınmış xalq-toy müğənnisi soyuq silahla bir müəssisənin gözətçisinə aşkar şəkildə hücum edib və xəsarət yetirmək istəyib, həmin gözətçi də vəzifə borcunu yerinə yetirib onu zərərsizləşdirib:
Son Yazılar:
- Qəfil ölüm: Hansı qan qrupundan yan keçir?
- Bakıda yağış, bu ərazilərdə qar yağacaq
- Bakıda bu ərazilər plana düşdü – Tezliklə söküləcək – FOTO
“Sadəcə bu zərərsizləşdirmənin estetikası bu adamların xoşuna gəlməyib və xorla bağırırlar ki, gərək zərərsizləşdirərkən tanınmış adamın şəxsiyyətini nəzərə alaydın. Səni istədiyi söyüşlərlə təhqir edəcək, sən də boynunu büküb geri qayıtmalısan. Müdafiənin də istiqamətlərinə baxın: biri uşaq vaxtı adamın mahnılarını dinləyib, bunu öz uşaqlığına vurulan zərbə hesab edir. Digəri tanınmış adamın xəstəliyinin nəzərə alınmasının vacibliyini dilə gətirib bu cür vəhşiliyə dözmədiyini ifadə edir. Başqa birisinin yadına düşür ki, bəs neçə illər öncə bu adamın mühafizəçisi olduğu özəl xəstəxanada ona yaxşı baxmayıblar, ona görə də doğru edib baltanı tolazlayıb, o birinə də məlumat verilib ki, bəs mühafizəçi həbsdən yenicə çıxıb, onu işdən qovmaq lazımdır və sair, və ilaxır”.
Fazil Mustafa bildirib ki, hüquqi baxımdan mühafizəçinin heç bir məsuliyyəti yoxdur, soyuq silahla silahlanmış və xəsarət yetirmək üçün real hücum etmiş potensial qatili zərərsizləşdirmək üçün bütün zəruri addımları atıb:
“Fikrimcə, heç onu saxlamaq üçün də hüquqi əsas yoxdur. Adamın zəruri müdafiə həddini aşdığı iddia oluna bilər, ancaq qanunvericilikdə bunun təsbit olunması elə də asan deyil. Yəni adam tam zərərsizləşdirilməsinə əmin olmadığından, yaxud da yıxılan tərəfin təhqirlərinə görə prosesi davam etdirməsi ilə özünə haqq qazandıra bilər. Əsas odur ki, o bunu mühafizə etdiyi obyektin qarşısında obyekti və oradakı insanları qorumaq məqsədi ilə edib. Həbsdə yatıb, cəzasını çəkib, çıxıb işə düzəlib və işini də doğru-dürüst yerinə yetirib. İndi kim 500 manata mühafizəçi işləyir? Hər halda imkanı olan adam bu cür seçim etməz. İşsiz qalmasın, evinə çorək pulu aparsın deyə bu cür işlər seçilir. Bilgi aldım ki, iki qız övladı var, xanımının da bir həftə öncə ürəyinə “stend” qoyulub, yəni xəstəxanadan yeni çıxıb. Ölkədə rəsmi statistikaya görə 62 min onkoloji xəstə var. Allah onların hamısına şəfa versin. Bunların çox az hissəsi lazımi miqdarda vəsait tapıb keyfiyyətli müalicə ala bilirlər. İndi lazımi səviyyədə müalicə ala bilməyənlər prinsipcə daha əsəbi olmalıdırlar və xəstəliyin şiddətindən daha çox əllərinə soyuq silah götürməyi əsaslandıra bilərlər. Ona görə də öz uydurduğunuz “ədalət”, “insaf” anlayışları üzərindən mühakimə yürütməyin, hüququn aliliyinə tərəf yönəlin, cəmiyyətdə pis presedentlər yaratmayın, sözünüzü etibarsızlaşdırmayın. Əlbəttə, barışıq da olsun, iş yoluna da qoyulsun, ancaq cinayəti törədənlə cinayəti önləyəni eyni tərəziyə qoymaq əxlaqlı hərəkət sayılmaz. Məşhurluq küçədə sərxoşluq etmək, cəmiyyət içində tərbiyəsizlik etmək, alt paltarsız konsert vermək, avtoşluq və lotuluq etmək, başqa insanların həyatını təhlükəyə soxmaq üçün kimsəyə imtiyaz yaratmır.
Mən niyəsə hər gün hansısa ortamda Rəşid Behbudovu, Şövkət Ələkbərovanı, Flora Kərimovanı, Oqtay Ağayevi, Mirzə Babayevi, Gülağa Məmmədovu, İslam Rzayevi, Sabir Mirzəyevi, Arif Babayevi və adlarını çəkmədiyim digər böyük sənətkarları təkrar-təkrar dinləməkdən zövq alıram. Onların heç biri xüsusi komfort içində yaşamayıblar. Daha əsəbi, daha ağır mühitlərdə izdirablı yollar keçiblər. Ancaq cəmiyyətə gül atıblar, gülüş atıblar, sənət qoyub gediblər, balta yox! Sadəcə tövsiyə edirəm ki, özünüzü guya sənətin, sənətkarın, qlobal düşüncənin qayğıkeşi obrazında göstərib bu cür məşhurların özünə vurduğu baltanı götürüb başqalarına tolazlamayın!”
(redaktor.az)