“V qrupda müxtəlif ixtisaslar var. Məsələn, bu il dirijorluq ixtisasında boş yerlər qalıb. Burada xüsusi bacarıq və bilik tələb olunur. Elə sahə var ki, necə deyərlər, dəbdə olan sahədir. Məsələn, hamı özünü dizayner görür”.
Bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə V qrup ixtisaslarda ödənişli əsaslarla təhsil alanlarının sayının dövlət sifarişli yerlərdə təhsil alanların sayından çox olması ilə bağlı suala cavab verərkən söyləyib.
Məleykə Abbaszadə deyib: “Hansı ixtisaslarda dövlət sifarişli yerlərin sayının artırılması, ya da azaldılması bizdən asılı deyil. Qəbul planı hökumət tərəfindən həm universitetlərlə müzakirə olunur, həm də ölkədə olan tələbat nəzərə alınır. Bunu hansısa bir ixtisas üzrə həll etmək mümkün deyil. Hər il biz görürük ki, operatorluq, heykəltaraşlıq ixtisasları üzrə dövlət sifarişli yerlər boş qalır. Bu, o demək deyil ki, bizə bu sahə üzrə mütəxəssislər lazım deyil. Yəni dövlət sifarişli yerlər qalmalıdır. Digər sahəyə, məsələn, estrada sənətinə gedənlər çoxdur. Bu da o demək deyil ki, biz orada dövlət sifarişli yerlərin sayını artırmalıyıq. Bu zaman həmin sahəyə olan tələbat müəyyən edilir. Məsələn, Mədəniyyət Nazirliyi hansı sahəyə ehtiyac olduğunu müəyyənləşdirir. Fikrimcə, instrumental ifaçılıqda bizdə simfonik orkestrdə olan ifaçılara tələbat nəzərə alınır, nadir alətlərin ifaçısına olan tələbat nəzərə alınır. Bunlar hamısı çoxparametrli məsələdir. Ona görə də V qrupda dövlət sifarişli yerlərin sayının artırılması barədə qərar vermək yaxşı olmayacaq. İstedadlı uşaqlar V qrupda onsuz da dövlət sifarişli yerlərə qəbul olunur”.
Son Yazılar:
- Bu gün Kəlbəcər Şəhəri GÜNÜDÜR
- Alimlər qəhvənin bağırsağa necə təsir etdiyini AÇIQLADI
- Köklük, piylənmə 13 növ xərçəng riskini artırır
Xatırladaq ki, 2024-2025-ci tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən, V qrup ixtisaslarında 2565 nəfər ödənişli, 1549 nəfər dövlət sifarişli yerlərdə olmaqla ümumilikdə 4114 nəfər təhsil alacaq. Hazırda V ixtisas qrupu üzrə 348 plan yeri boş qalıb. Avqustun 28-dən sentyabrın 2-dək isə boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq.