Anasının vatsap yazışmalarını yayıb ölümünə səbəb olacaqdı…

Balakəndə 63 yaşlı qadının qardaşı tərəfindən bıçaqlanmasına görə açılmış cinayət işinin istintaqı zamanı maraqlı faktlar üzə çıxıb.

Viral.az xəbər verir ki, bu ilin martında baş verən hadisə araşdırılarkən başqa cinayətin üstü açılıb.

Belə ki, Əli Quliyev (bütün ad-soyadlar şərtidir-red) barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə başlanılmış işin istintaqı zamanı hadisənin qısqanclıq zəminində törədildiyi müəyyən edilib. Məlum olub ki, Gülər Quliyevanın 39 yaşlı oğlu Murad anasının telefonundakı yazışmaları gizli yolla ələ keçirib. O, 12 yaşlı övladına tapşırıb ki, nənəsinin qohumları və digər şəxslərlə vatsap proqramı vasitəsilə həyata keçirdiyi yazışma və səsləri telefonla ona yönləndirsin. Uşaq da nənəsindən xəbərsiz olaraq onun telefonundakı mesajları bir müddət atasına göndərib və həmin mesajları silərək nənəsinin telefonunda iz buraxmayıb. Anasının göndərdiyi və qəbul etdiyi mesajları araşdıran Murad onun başqa kişi ilə sevgi münasibətində olduğunu öyrənib.

Son Yazılar:

Bundan sonra Murad dayısı Əliyə və digər qohumlarına anasının mesajlarını göstərib. Əli isə 63 yaşlı bacısını cəzalandırmaq qərarına gəlib və onların evinə gedərək döş qəfəsi nahiyəsinə bıçaqla ağır xəsarət yetirib. Tibbi müdaxilədən sonra qadının həyatını xilas etmək mümkün olub.

Dayıya açılmış cinayət işinin araşdırılması zamanı qadının oğlunun da qeyri-qanuni əməli üzə çıxıb. Murada Cinayət Məcəlləsinin 156.1-ci (Şəxsi həyatın toxunulmazlığını pozma) maddəsi ilə cinayət işi açılıb.

Zərərçəkmiş şəxs qismində tanınan qadın oğlunun əməlindən şikayətçi olduğunu, övladının onu biabır etdiyini deyib. Gülər Quliyevanın münasibətdə olduğu kişi də zərərçəkmiş şəxs qismində tanınıb. O, Gülərlə TikTokda tanış olduğunu və aralarında sevgi yarandığını, qadının oğlunun mesajları yaymasından sonra rüsvay olduğunu söyləyib.

Təqsirləndirilən şəxs isə mesajları yaymaqda məqsədinin anasını dayısına öldürtdürmək olmadığını, bu əməlin ağır cinayətə səbəb ola biləcəyini düşünmədiyini bildirib.

Balakən Rayon Məhkəməsinin 21 avqust tarixli hökmü ilə Murad qeyd edilən cinayət əməlində təqsirli bilinib. Ona qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 6 il islah işləri cəzası verilib. Muradın cəzasını iş yerində çəkməsi qeyd edilib (Qafqazinfo).