VII çağırış Milli Məclisin bu gün keçirilən ilk iclasında komitələrin sədrləri və müavinləri seçilib.
Viral.az modern.az-a istinadla xəbər verir ki, yeni seçkilər bəzi komitələrdə dəyişikliklərə səbəb olub. Belə ki, VI çağırışda komitə sədri və ya müavin vəzifəsini tutan bəzi parlamentarlar bu dəfə həmin postdan kənarda qalıblar.
Ziyafət Əsgərov Milli Məclis sədrinin müavini seçildiyindən ona Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri vəzifəsi də həvalə olunmayıb. Komitə sədri vəzifəsinə Arzu Nağıyev seçilib. Ötən çağırışda bu komitənin sədr müavini olmuş Hikmət Babaoğlu (Məmmədov) bu dəfə sıravi deputat kimi fəaliyyət göstərəcək. Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müaviniliyini Qüdrət Həsənquliyev edəcək.
Son Yazılar:
- Bu hədəfə doğru irəliləyirik – Ərdoğan
- Ağstafada avtomobil 65 yaşlı piyadanı vuraraq ÖLDÜRDÜ
- Təyyarə Bakı aeroportuna məcburi eniş ETDİ
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilini bu vəzifədə Azər Əmiraslanov əvəz edib. Bu komitənin sədri müavini olmuş Əli Məsimli də yenidən görəvləndirilməyib. Əvəzində Azər Badamov İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində sədrin müavini seçilib.
Aqrar siyasət komitəsinə də yeni sədr müavini seçilib. Razi Nurullayev bu postda Sabir Hacıyevi əvəz edib. S.Hacıyev sıravi deputat olacaq.
Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızını ilk dəfə parlamentə seçilən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev əvəzləyib.
Nurlan Həsənov Regional məsələlər komitəsində yeni sədr müavini olub. Ötən parlamentdə Regional məsələlər komitəsində sədr müavini olmuş Elşən Musayev vəzifəsini qoruya bilib. O bu dəfə Hüquq siyasəti və dövlət quruculuğu komitəsində sədrə müavinlik edəcək.
Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev əvvəlki vəzifəsini itirib. Onun yerinə Anar İskəndərli seçilib. Elm və təhsil komitəsində sədr müavini də dəyişib. Bu posta ilk dəfə mandat qazanmış Fariz İsmayılov gətirilib. Komitə sədrinin əvvəlki müavini Musa Qasımli vitse-spiker seçildiyindən ona iki vəzifə həvalə olunmayıb.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində də dəyişiklik olub. Sevinc Fətəliyeva bu dəfə komitə sədrinin müavini seçilə bilməyib. Onun yerinə bu vəzifə Nigar Arpadaraiyə qismət olub.
Mədəniyyət komitəsində həm sədr, həm də sədr müavini yenilənib. Polad Bülbüloğlu sədr, Günay Əfəndiyeva sədr müavini olub. Əvəzində Ülviyyə Həmzəyeva sədr müavini vəzifəsini itirib. Keçmiş sədr Fazil Mustafa isə İctimai birliklər və dini qurumlar komitəsinin sədri vəzifəsinə aparılıb.
Gənclər və idman komitəsinə yeni sədr və müavin seçilib. Şahin İsmayılov sədr, Könül Nurullayeva müavin olub. Keçmiş sədr Adil Əliyev və eks-müavin Mahir Abbaszadə ümumiyyətlə deputat seçilməyiblər.
İnsan hüquqları komitəsində də yeni müavin var – ilk dəfə mandat əldə edən Arzuxan Əlizadə. Keçmiş sədr müavini Tahir Kərimli bu dəfə heç sıravi deputat da ola bilməyib.
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsindəki dəyişiklik sədr müavini ilə bağldır. Belə ki, Asim Mollazadə bu dəfə sədr müavinliyindən kənarda qalıb. Əvəzində onun yerinə Fatma Yıldırım seçilib.