Sahibə Qafarova türkiyəli həmkarını təbrik etdi

Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 29-da  Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibəti ilə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşa təbrik məktubu ünvanlayıb.

Viral.az xəbər verir ki, məktubda Sahibə Qafarova öz adından və Azərbaycan Respublikası Milli Məclisinin üzvləri adından Türkiyə Böyük Millət Məclisinə və qardaş Türkiyə xalqına ən səmimi təbriklərini və xoş arzularını ifadə edib.

Azərbaycan parlamentinin sədri bildirib ki, 101 il öncə qəhrəman Türkiyə xalqının qazandığı möhtəşəm zəfər, Cümhuriyyətin qurulduğu andan etibarən milli inkişaf yolunda atılmış addımlar, xüsusən son illərdə əldə olunmuş hərtərəfli tərəqqi sayəsində Türkiyə Respublikası haqlı olaraq dünyanın ən aparıcı və güclü dövlətlərindən birinə çevrilib.

Son Yazılar:

Ortaq tarix, köklər və milli-mənəvi dəyərlərlə bir-birinə bağlı olan xalqlarımızın iradəsini əks etdirən Azərbaycan-Türkiyə qardaşlıq və müttəfiqlik münasibətləri bu gün özünün ən yüksək zirvəsindədir. Bu münasibətlər “Bir millət iki dövlət” prinsipinə uyğun olaraq bütün istiqamətlər üzrə hərtərəfli inkişaf edir və güclənir.

Məktubda deyilir ki, dövlətlərarası əlaqələrimizin bütün sahələrində olduğu kimi, parlamentlərarası əməkdaşlıq sahəsində də birliyimiz və həmrəyliyimiz uğurla davam edir. Belə bir əminlik ifadə olunur ki, Azərbaycan Respublikasının Milli Məclisi ilə Türkiyə Böyük Millət Məclisi arasında ikitərəfli və çoxtərəfli əlaqələrin, səmərəli və fəal əməkdaşlığın daha da möhkəmlənməsi və genişlənməsi naminə birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.