Azərbaycan Avropaya balıq məhsulları ixrac EDƏCƏK

Azərbaycan Avropaya balıq məhsulları ixrac EDƏCƏK

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Neftçala Sənaye Məhəlləsində məhsul istehsalında müsbət dinamika müşahidə olunur. Təkcə ötən ilin yanvar-sentyabr aylarında sənaye məhəlləsində 30 milyon manata yaxın məhsul istehsal edilib.

Viral.az AZƏRTAC-A istinadən xəbər verir ki, dövlət başçısının Sərəncamı ilə 2015-ci ildə yaradılan Neftçala Sənaye Məhəlləsinin əsas fəaliyyət istiqaməti balıqçılıq, balıq yemi, avtomobil istehsalı, eləcə də qida sənayesi məhsullarının istehsalı kimi müəyyənləşdirilib.

Sənaye Məhəlləsində 2017-ci ildən fəaliyyət göstərən balıq emalı zavodu dəniz məhsullarının istehsalı ilə məşğul olur. Müasir avadanlıqlarla təchiz olunmuş zavodda 35 nəfər çalışır və 10 çeşiddən çox məhsul hazırlanır: yerli Xəzər kilkəsi, Xəzər siyənəyi, xəşəm, çapaq, xaricdən gətirilən skumbriyalar və sair.

Son Yazılar:

“Məqsədimiz, yerli istehsalımızı beynəlxalq səviyyəyə çatdırmaqdır. Xarici ölkələrdən gətirilən və Xəzər dənizindən tutulan balıqlar hisə verilərək qablaşdırılır və daxili bazarlara təqdim edilir. Balıq emalı zavodunda ay ərzində müxtəlif çeşiddə 120 tona yaxın balıq məhsulu istehsal olunur və bu məhsulların böyük hissəsi daxili bazarlara çıxarılır. 2025-ci ildən etibarən zavodda istehsal olunan balıq məhsullarının xarici ölkələrə, xüsusilə Avropa bazarına çıxarılmasını planlaşdırırıq. Artıq bu yolda əhəmiyyətli irəliləyişlər əldə etmişik və xarici bazarlara satışa başlamağı nəzərdə tuturuq”, – deyə istehsalat müdiri Müşfiq Mikayılov bildirib.

İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat katibi Elçin Kazımovun sözlərinə görə, Neftçala Sənaye Məhəlləsində sahibkarlar dövlət vəsaiti hesabına hazır infrastrukturlarla təmin edilirlər. O cümlədən hazır tikililər sahibkarların istifadəsinə verilir. Sənaye məhəlləsində investisiya kapitalı 60 milyon manatdan çox olan 6 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Sahibkarlar tərəfindən bu günədək sənaye məhəlləsində görülmüş işlərə 46 milyon manatdan çox investisiya yatırılıb. 290 nəfərə yaxın daimi iş yeri yaradılıb. Gələcəkdə isə əlavə 200-dən çox iş yerinin yaradılması nəzərdə tutulub.