Azərbaycanla Aİ arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi müzakirə olundu

Azərbaycanla Aİ arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi müzakirə olundu

Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdelina Qrononun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Viral.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, xüsusi nümayəndə Maqdelina Qrono görüşün əvvəlində “Azərbaycan Hava Yollarına” məxsus təyyarənin faciəli şəkildə qəzaya uğraması ilə bağlı başsağlığını ifadə edərək, Avropa İttifaqının qəza baş verdikdən dərhal sonra yardım göstərməyə hazır olduğunu Azərbaycan tərəfinə çatdırdığını qeyd edib.

Son Yazılar:

Görüşdə Azərbaycan və Avropa İttifaqı arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, regional təhlükəsizlik məsələləri, o cümlədən Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin perspektivləri müzakirə olunub.

Görüş zamanı iqtisadiyyat-ticarət, enerji, nəqliyyat və kommunikasiyalar sahələrində Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının vacibliyi qeyd olunub. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın oynadığı rola toxunularaq, gələcəkdə Azərbaycandan yaşıl enerji resurslarının Avropaya ixracını nəzərdə tutan layihələrin reallaşması ilə bu rolun daha da artacağına dair ümidvarlıq ifadə olunub.

2024-cü ilin noyabr ayında Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurlu ev sahibliyi etməsi fonunda ətraf mühitin qorunması, ekoloji təhdidlərə qarşı mübarizə və yaşıl keçid kimi ölçülərin Azərbaycan-Avropa İttifaqı əməkdaşlıq gündəliyinin zənginləşdirilməsi işinə mümkün töhfəsindən danışılıb.

E.Məmmədov görüş zamanı Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra bölgədəki son vəziyyət, Azərbaycan ilə Ermənistan arasında sülh sazişi layihəsi üzərində aparılan danışıqların hazırkı mərhələsi, ikitərəfli formatda indiyədək əldə olunmuş tərəqqi, keçmiş məcburi köçkünlərin əzəli torpaqlarına qayıdışı, bu prosesə ciddi əngəl törədən mina təhdidi barədə tərəf müqabilinə ətraflı məlumat verib.

Keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin nəticəsində itkin düşmüş azərbaycanlıların taleyinə aydınlıq gətirilməsi, minalarla çirkləndirilmiş ərazilərin təmizlənməsi, habelə regional bağlantıların bərpası istiqamətində Avropa İttifaqının mümkün dəstəyindən bəhs olunub.

Avropa İttifaqının Ermənistandakı Missiyasının fəaliyyətinin və Avropa Sülh Fondunun maliyyə yardımı hesabına Ermənistanın silahlanlandırılmasının sülhə xidmət etmədiyi, əksinə, bu kimi fəaliyyətlərin Azərbaycana qarşı revanşist meylləri gücləndirdiyi vurğulanıb.

Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbərləri WhatsApp kanalımızdan oxu