Binəqədidə “Xilaskar” adlı tədbir keçirildi

14 İyun 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə 15 İyun–Azərbaycan Xalqının Milli Qurtuluş Gününə həsr olunmuş “XİLASKAR” adlı tədbir keçirildi. 

 

Viral.az xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi vəzifələrində çalışmış, birinci dərəcəli dövlət müşaviri, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə, millət vəkilləri-Kəmaləddin  Qafarov, Azay Quliyev, İctimai-Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova, Rayon İcra Hakimiyyəti başçısının müavinləri və Aparatının şöbə müdirləri, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədr müavini və Aparatın əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, məktəbəqədər və orta ümumtəhsil təhsil, tibb, mədəniyyət müəssisələrinin direktorları, ictimai birliklərin rəhbərləri iştirak edirdilər. 

Son Yazılar:

 

Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyev adına istirahət parkında ucaldılan abidəsini ziyarət etdilər, abidə önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad etdilər. 

 

Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü, müstəqilliyimiz, suverenliyimiz, uğrunda canlarından keçərək ən uca zirvə-şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. 

 

Tədbirdə İctimai-siyasi Sənədlər Arxivində mühafizə olunan 1969-1982-ci illərə aid qiymətli sənədlər əsasında hazırlanmış və Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolundan bəhs edən “Quruculuq salnaməsi. Başlanğıc…” adlı sənədli xronika nümayiş olundu. 

 

Tədbiri giriş nitqi ilə açan Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev bildirdi ki, xalqımızın taleyində böyük əhəmiyyət daşıyan günlərdən biri də Milli Qurtuluş Günüdür. 1993-cü ilin iyun ayında Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını yerinə yetirməsi xalqımız tərəfindən dövlətimizin qurtuluşu kimi qeyd olunur. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının möhkəm mübarizəsinin tarixidir. Bu gün Azərbaycan dünyanın döyünən ürəyinə, mərkəzinə çevrilən bir ölkə kimi beynəlxalq aləmdə də öz qətiyyətli sözünü deməkdədir. Çünki ümummilli lider Heydər Əliyev ideyaları sarsılmaz, dönməzdir və bu ideyaları başda dövlət başçımız cənab İlham Əliyev olmaqla, bütün xalqımız yaşadır. Bizlər də bu faktoru əsas götürərək Azərbaycanımızın çiçəklənməsi naminə Ulu Öndər Heydər Əliyev ideyalarının layiqli davamçısı cənab İlham Əliyevin ətrafında daha da sıx birləşmişik. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcəkdir. 

 

Daha sonra çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi vəzifələrində çalışmış, birinci dərəcəli dövlət müşaviri, tarix elmləri doktoru, professor Dilarə xanım Seyidzadə Ulu Öndərlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşərək dedi: “ümummilli lider Heydər Əliyevi bütün xalq sevirdi, dünyanın böyük siyasətçiləri onunla hesablaşırdı. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı Ulu Öndər Heydər Əliyevin siyasi varisi, ən layiqli yetirməsi cənab İlham Əliyevin əlindədir. Bu gün hər bir azərbaycanlı harada yaşamasından asılı olmayaraq, qurucusu və memarı Heydər Əliyev olan dövlətimizlə fəxr edir. Ona görə ki, Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf konsepsiyasını siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev ən yüksək səviyyədə reallaşdırmaqdadır. Bütün bunların əsas mənbəyi isə məhz 15 iyun tarixindən doğan reallıqlardır. Bir sözlə, bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcəkdir. 

 

Tədbirin bədii hissəsində Azərbaycan və Özbəkistan Respublikasının xalq artistlərii-Gülyaz Məmmədova, Gülyanaq Məmmədova, Azərbaycan Respublikasının xalq artisti İlqar Muradov sevilən nəğmələrini ifa etdilər. 

 

Sonda xatirə şəkli çəkildi.