Yaponiyada səlahiyyətlilər “ət yeyən” bakteriyaların səbəb olduğu və potensial ölümcül hesab edilən streptokok zəhərli şok sindromu (STSS) hallarının sayının indiyə qədər ən yüksək səviyyəyə çatdığını bildiriblər.
Viral.az lent.az-a istinadən xəbər verir ki, insanların ehtiyat tədbirləri görmələri üçün xəbərdarlıq edilib.
Milli Yoluxucu Xəstəliklər İnstitutunun (NIID) verdiyi açıqlamada bu ilin iyun ayının əvvəlinə qədər ölkədə STSS hadisələrinin sayının 977-yə çatdığı bildirilib. Qeyd edilib ki, 2023-cü ilin eyni dövründə 941 hadisə qeydə alınıb. Bu da onu göstərir ki, qeydlərin aparılmağa başlandığı 1999-cu ildən bu günə qədər yoluxma hallarının sayı rekord səviyyəyə çatıb.
Son Yazılar:
- Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
- Ərə getmək istəyən qadın falçıya yazdı, 22 mini getdi: “Mənimlə evlənəcəksən”
- ABŞ sürətlə müflisləşir – İlon Mask
Xəstəlik “streptococcus pyogenes” bakteriyası tərəfindən törədilir və tez-tez boğaz ağrısı ilə müşayiət olunur. Daha sonra əzaların nekrozu və çoxlu orqan çatışmazlığına səbəb ola bilər.
Tokio Qadın Tibb Universitetindən Yoluxucu Xəstəliklər üzrə mütəxəssis, Prof. Dr. Kikuçi Ken bildirib ki, ayaq yaraları streptokok bakterial infeksiyasına xüsusilə həssasdır. Kiçik yaraların bakteriyalar üçün mümkün giriş nöqtələri olduğunu izah edən Kikuçi, yaşlı xəstələrdə infeksiyadan ölümə qədər olan müddətin 48 saat ola biləcəyinə diqqət çəkib.
Yüksək hərarətin və yaraların sürətlə şişməsinin təhlükəli əlamətlər olduğunu ifadə edən Kikuçi, belə bir vəziyyətdə dərhal həkimə müraciət edilməli olduğunu vurğulayıb.
“Xəstə səhər saatlarında ayağında şişlik hiss edə, günorta saatlarında bu dizinə qədər yayıla və 48 saat ərzində ölə bilər”, – deyə professor vurğulayıb.
Alimlər ən kiçik yaraların belə dezinfeksiya edilməsini və əl yuma vərdişinin artırılmasını tövsiyə edirlər.
Qeyd edək ki, əsasən 30 yaşdan yuxarı insanlarda rast gəlinən ət yeyən bakteriyaların yaratdığı STSS “potensial ölümcül” olaraq xarakterizə edilir.