Prezident İlham Əliyev Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi ilə bağlı Sərəncam imzalayıb.
Viral.az-ın məlumatına görə, bununla da bu adı daşıyanların sayı 219-a çatıb.
Son Yazılar:
- Gələn ilin buraxılış imtahanlarında yenilik olacaq: Detallar AÇIQLANDI
- Şirvanda ana və qızı həbs EDİLDİ
- Xalq artistinin evini almaq üçün növbə yarandı
Sonuncu dəfə bu fəxri ad Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdikləri igidliyə görə general-mayor Polad Həşimova (ölümündən sonra), polkovnik İlqar Mirzəyevə (ölümündən sonra) və İbad Hüseynova verilib.
İndiyədək Azərbaycanın Milli Qəhrəmanı fəxri adı ilə təltif olunan şəxslərdən yalnız ikisi – Sürət Hüseynov və Rasim Əkbərov bu tituldan məhrum edilib.
Natiq Qasımov 1971-ci il yanvarın 2-də Gədəbəyin Kiçik Qaramuradlı kəndində dünyaya gəlib.
1991-ci ildə könüllü olaraq Ağdam rayonunda təşkil edilmiş “Qaradağ şahinləri” taboruna yazılaraq Vətənin müdafiəsində iştirak edib. 1992-ci ilin 12 martında Xocalı rayonu, Pirlər (Xramort) kəndi istiqamətində gedən döyüşdə Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb.
Natiq Qasımov Xocalı rayonu, Pirlər kəndi yaxınlığında yüksəklikdə yerləşən Alban kilsəsi uğrunda döyüş zamanı 6 döyüş yoldaşı həlak olduqdan sonra 5 gün ac-susuz orada qalaraq təkbaşına savaşıb. Gülləsi qurtardığından 6-cı gün, 1992-ci il 12 martda rusiyalı və italiyalı jurnalistlər – Konstantin Smirnov və Enriko Sarzinin şahidliyi ilə Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb. Onun əsir götürülməsi faktı Rusiyada nəşr edilən “Oqonyok” jurnalının 1992-ci il 14 və 15-ci nömrələrində “Strax” adlı məqalədə təsvir edilib.
Erməni girovluğundan azad edildikdən sonra Mingəçevir şəhərində yerləşən “Kür” avarçəkmə bazasında məskunlaşmış Xocalı şəhər sakini, Cəfərov Cəfər Məhəmməd oğlunun ifadəsinə əsasən, Xocalı şəhəri Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunan gün o da girov götürülmüş və işğal edilmiş Əsgəran Rayon Polis Şöbəsinin təcridxanasına aparılmışdı. Bir müddət sonra Ermənistan hərbçiləri onu xarici jurnalistlə birlikdə zirehli döyüş maşınına oturdaraq azərbaycanlılara xəbərdarlıq etmək üçün Pirlər kəndinə aparıblar.
Ermənistan hərbçiləri orada Cəfər Cəfərovu Alban kilsəsində mövqe tutmuş Azərbaycan hərbçiləri ilə danışığa göndərib, əgər təslim olmasalar, girov götürülmüş Xocalı şəhər sakinlərini sıraya düzüb güllələyəcəklərini bildiriblər.
Cəfər Cəfərov sürünə-sürünə kilsəyə gedib. Lakin o, kilsədə yalnız bir Azərbaycan əsgəri, Qasımov Natiq Səlim oğlu ilə rastlaşıb. Natiq Qasımov 5 gün ərzində təkbaşına və ac-susuz döyüşdüyü üçün artıq taqətdən düşübmüş.
Natiq Qasımov Cəfər Cəfərovun “axı imkanın var idi nə üçün geri çəkilmədin” sualına “komandirim mənə mövqeni tərk etməməyi tapşırmışdı. Bir də ki, yuxarıda dalğalanan Azərbaycan bayrağını burada qoyub necə gedə bilərdim?”, – cavabını vermiş və binanın üzərindəki bayrağı göstərmişdi.
Cəfər Cəfərovun ifadəsinə görə, o, Ermənistan hərbçilərinin şərtini Natiq Qasımova çatdırmış, bununla yanaşı, təslim olmamağı və imkan varsa, geri çəkilməyi məsləhət görmüşdü. Lakin Natiq Qasımov bir canı üçün Xocalı sakinlərinin həlak olmasına yol verməyəcəyini bildirmiş və binanın üzərində asılmış Azərbaycan bayrağını əlinə götürərək Ermənistan hərbçilərinə təslim olmuşdu.
Ailənin sonbeşiyi olan Natiq sadəcə bircə fotosu ilə dünyada tanınıb. Şəkildə Natiqin ağır döyüşlərdən sonra əlində üçrəngli bayrağımızı 2 erməni arasında məğrurcasına addımladığı əks olunub.
Bu qorxmaz Azərbaycan əsgərinin qəhrəmanlığı və şücaəti düşmən hərbçiləri arasında vahimə və psixoloji gərginlik yaratdığı üçün səhra komandiri Vitali Balasanyan Natiq Qasımova erməni əsgərlərin qarşısında müharibə qanunlarına zidd olaraq dəfələrlə ağır və dəhşətli işgəncələr verərək onu qətlə yetirib…
Ermənistan tərəfi humanitar hüquq normalarının ziddinə olaraq I Qarabağ müharibəsində itkin düşmüş bütün Azərbaycan vətəndaşlarının, o cümlədən Natiq Qasımovun dəfn yeri barədə məlumatları gizlədib və bu gün də bu qeyri-insani əməlini davam etdirir.
Natiq Qasımov hazırda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında I Qarabağ müharibəsində itkin düşmüş şəxs kimi qeydiyyatdadır.