Danılmaz həqiqətdir ki, Azərbaycan bu gün Prezident İlham Əliyein müdrik və uzaqgörən siyasəti sayəsində türk dövlətləri sırasında nüfuz və söz sahibinə, etibarlı tərəfdaşa, aparıcı regional və beynəlxalq aktora çevrilib, onunla əməkdaşlıq etmək istəyən ölkələrin sayı isə durmadan artır. Bu, dövlət başçımızın 20 il ərzində bütün sahələr üzrə atdığı praqmatik addımlar və aydın hədəflər nəticəsində mümkün olmuşdur. Çünki bu gün Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlarımızın qorunmasına hesablanmış uğurlu və dünya ölkələrinə nümunə olacaq xarici siyasət kursu həyata keçirilir. Bu siyasət kursunun nəticəsidir ki, dünya dövlətləri Azərbaycanla əməkdaşlıq etməyə can atır. Eyni zamanda, ölkəmiz beynəlxalq aləmdə yüksək etimada və nüfuza malikdir. Dövlətimizin xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafı əsas istiqamətlərdən birini təşkil edir. Tarixi Zəfərimizlə başa çatan İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında qarşılıqlı və ardıcıl səfərlər həyata keçirilir. Bunun da nəticəsində region dövlətləri ilə ölkəmiz arasındakı əlaqələrdə böyük canlanma müşahidə olunur.
Xüsusilə, son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri, həmçinin dövlətimizin başçısının son illər müxtəlif beynəlxalq tədbirlərə, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitinə, Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısına, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə toplantısının plenar iclasına, “Avropa siyasi birliyi” Zirvə toplantısına xüsusi qonaq qismində dəvət olunması Prezident İlham Əliyevin güclü siyasətçi, Azərbaycan dövlətinin dünyada böyük nüfuza sahib olmasının sübutudur. Mayın 22-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasına dövlət səfəri iki ölkə xalqları arasında tarixi, mədəni və dini bağlılıqların daha sıx olduğunun təsdiqidir. Təkcə onu demək kifayətdir ki, Prezident İlham Əliyev indiyədək Tacikistana altı dəfə səfər edib və axırıncı səfər 2023-cü ilin aprelində reallaşıb. İki ölkə arasında diplomatik münasibətlər 29 may 1992-ci ildə yaradılıb. Ötən il bu münasibətlərin 25 illiyi qeyd edilib. Ölkəmizin Tacikistandakı səfirliyi 2007-ci ildə açılıb. Bir il sonra – 2008-ci ildə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb.
İkitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlərin müzakirəsi məqsədilə Azərbaycan və Tacikistan prezidentlərinin təkbətək və geniş tərkibdə görüşləri, hər iki ölkə başçılarının mətbuata birgə bəyanatında Prezizident İlham Əliyev bildirdi ki, qarşılıqlı fəaliyyətimizin əsasında çoxəsrlik tarix boyu əməkdaşlıq etmiş, dost olmuş, birlikdə qurub-yaratmış xalqlarımızın iradəsi dayanır. Və apardığımız uğurlu xarici siyasət nəticəsində Azərbaycan demək olar ki, bütün ölkələrlə, bütün güc mərkəzləri ilə çox səmərəli, işgüzar, bərabərhüquqlu münasibətlər qura bilmişdir. Bu münasibətlər qarşılıqlı inam, hörmət, biri-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında qurulur. Beləliklə, ölkəmizin uğurlu inkişafı üçün çox gözəl beynəlxalq mühit mövcuddur. Bu mühiti biz yaratmışıq. Bundan sonra da bu istiqamətdə ardıcıl siyasət aparacağıq.
Son Yazılar:
- Kanada Ukraynaya NASAMS HHM sistemi verdiyini TƏSDİQLƏDİ
- “Yalı çapkını” final edə bilər
- ABŞ səfirliyi yaxınlığındakı şübhəli obyekt mulyaj bomba olub
Bugünümüzün əsas çağırışlarından birinin İslam həmrəyliyinin möhkəmləndirilməsi olduğunu nəzərə alsaq səfərin əhəmiyyətini daha geniş çərçivədə şərh edə bilərik. Sirr deyil ki, Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olub, İslam dininin yayılmasında və eyni zamanda Müsəlman İntibahının bərqərar olmasında mühüm rol oynayıb. Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verib və bunlar davamlıdır. Ölkəmizin İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakının, 2018-ci ildə Naxçıvanın, 2024-cü ildə isə Şuşa şəhərinin İslam dünyasının mədəniyyət paytaxtı elan olunmasında öz ifadəsini tapıb. 2017-ci ilin ölkəmizdə «İslam Həmrəyliyi ili» elan edilməsi, IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi İslam həmrəyliyinin möhkəmləndirilməsinə xidmət edən mühüm addımlarımız sırasındadır. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi təsadüfi deyildi. Bu, müsəlman ölkələrini bir-biri ilə daha da sıx birləşdirmək üçün tərəfimizdən irəli sürülən önəmli təşəbbüs idi: “Oyunlar təkcə idman tədbiri deyil. Əgər kimsə hesab edir ki, İslam Həmrəyliyi Oyunları idman tədbiridir, səhv edir. Bu, böyük siyasi tədbirdir, bu, böyük mədəni tədbirdir, bu, böyük ictimai hadisədir. Bu, bir daha Azərbaycanı müstəqil, öz dəyərlərinə, İslam dəyərlərinə sadiq ölkə kimi, eyni zamanda, müasir ölkə kimi göstərir və bu gün İslama qarşı çirkin kampaniya aparanlara da bir cavab olacaq».
Prezident İlham Əliyev geniş tərkibdə görüşdə vurğuladı ki, forumda müzakirə edilən mövzulardan biri Tacikistanın və Azərbaycanın nəqliyyat-logistika infrastrukturunun yeni imkanlarının nəzərə alınması ilə nəqliyyat sektorunda əməkdaşlıqdır: «Hesab edirəm ki, bu istiqamətdə səylərimizi birləşdirmək, addımlarımızı daha sıx əlaqələndirmək faydalı olacaq. Çünki Transxəzər nəqliyyat dəhlizi Avropa regionu və Mərkəzi Asiya regionu üçün getdikcə daha çox əhəmiyyət kəsb edir. Azərbaycan isə Avropa ilə Asiyanın qovuşuğunda yerləşən birləşdirici ölkə kimi özünün nəqliyyat infrastrukturu ilə, əlbəttə ki, bu məsələdə mühüm rol oynayır.»
«Mən Tacikistan Prezidentini noyabrda keçiriləcək iqlim konfransında iştiraka dəvət etdim. Bu dəvət qəbul olundu». Prezident İlham Əliyevin bu fikirlərinin davamı olaraq Tacikistan Prezidentinin «Şadam ki, biz qarşılıqlı səfərlər ənənəsini yüksək səviyyədə davam etdiririk. Əminəm ki, bugünkü görüşlərin nəticələri ölkələrimizin əməkdaşlığını yeni inkişaf səviyyəsinə yüksəldəcək. Azərbaycan Tacikistanın etibarlı dostu və tərəfdaşıdır» fikirləri bu dostluğun, qardaşlığın möhkəm təmələ əsaslandığını və bu gün yeni istiqamətlər üzrə inkişaf etdirildiyini təsdiqlədi.
Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyevin Tacikstanın Prezident Emoməli Rəhmon ilə görüş, liderlərin səsləndirdiyi fikirlər bir daha göstərdi ki, hər iki dövlət rəhbərinin arzuları, istəkləri üst – üstə düşür və bu bilavasitə əməkdaşlığın, dostluğun möhkəmləndirilməsinə və xalqların rifahının yaxşılaşdırılmasına, xoşbəxt gələcəyinə hesablanmışdır.
Həbib Misirov YAP Kəlbəcər rayon təşkilatının sədri