İyulun 2-si Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının (AIPS) yaradılmasının 100 illiyi tamam olur.
Viral.az xəbər verir ki, 1924-cü il iyulun 2-də beynəlxalq idman mətbuatı nümayəndələrinin Parisdə keçirilmiş konqresində AIPS-in yaradılması barədə qərar qəbul edilib. Qurumun təşəbbüsü ilə 1995-ci ildən başlayaraq hər il iyulun 2-si Beynəlxalq İdman Jurnalistləri Günü kimi qeyd olunur.
İdman jurnalistikası müasir cəmiyyətin həyatında böyük rol oynayır. İdman ümumi diqqət və maraq predmeti olmaqla yanaşı, gənclərin tərbiyəsində, insanların sağlamlığında, dövlətlərarası münasibətlərin möhkəmləndirilməsində vacib amildir. İdman xalqlar arasında qarşılıqlı anlaşmaya, dostluğun və sülhün möhkəmləndirilməsinə kömək edir. Hadisələrin mərkəzində olan, bədən tərbiyəsi və idmanın problemlərindən bəhs edən idman jurnalistləri həmin problemlərin həllinə fəal kömək edirlər.
Son Yazılar:
- ABŞ “Qazprom”a sanksiya tətbiq ETDİ
- ABŞ bazasına üç raket ATILDI
- Türkiyə bu ölkədə kosmik baza yaradır
AIPS beynəlxalq mətbuatla idmançılar və sponsorlar arasında vasitəçilik edir, yeni idman jurnalistləri üçün iclaslar və seminarlar keçirir. Qurum hər il idman sahəsində ən yaxşı KİV nümayəndələrini mükafatlandırır.
Hazırda dünyanın 130 ölkəsi AIPS-də təmsil olunur. Ölkəmizi bu qurumda Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AIJA) təmsil edir. Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının fəal üzvlərindən olan Azərbaycan 2014-cü ildə qurumun 90 illik yubileyinə həsr olunan 77-ci konqresinə yüksək səviyyədə ev sahibliyi edib. Prezident İlham Əliyevin həmin tədbirdə iştirakı Azərbaycanın AIPS-in fəaliyyətinə verdiyi böyük önəmin təzahürüdür.
Azərbaycan sonrakı illərdə də AIPS-in tədbirlərində fəal iştirakı ilə seçilib, qurumun həyata keçirdiyi beynəlxalq layihələrə öz töhfəsini verib. Təsadüfi deyil ki, AIPS-in 100 illik yubileyi də Bakıda təntənəli şəkildə qeyd olunacaq.