Diaspor fəalları CAR-da Müstəqillik Günü tədbirində çıxış ediblər

Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasındakı (CAR) Səfirliyi Müstəqillik Günü ilə əlaqədar rəsmi qəbul təşkil edib.

 

Paytaxt Pretoriyadakı Səfirlikdə keçirilən tədbirə 100-ə yaxın dövlətin diplomatik nümayəndəliklərinin rəhbərləri və əməkdaşları, Yohannesburq şəhərində yerləşən Yunus Əmrə İnstitutunun direktoru, elmi-akademik dairələrin, yerli medianın və ictimaiyyətin nümayəndələri, yerli müsəlman icmasının təmsilçiləri, eləcə də Azərbaycan diasporunun üzvləri qatılıblar.

Son Yazılar:

 

Tədbirin əvvəlində Azərbaycan və Cənubi Afrikanın Dövlət himnləri səsləndikdən sonra açılış nitqi ilə çıxış edən müvəqqəti işlər vəkili Zaur Şükürov 1918-ci il mayın 28-də əsası qoyulmuş və bu il 106-cı ildönümü qeyd olunan Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk demokratik parlament respublikası olduğunu, Şərqdə ilk dəfə, hətta ABŞ və bəzi Avropa ölkələrindən də əvvəl qadınlara seçki hüququ verdiyini diqqətə çatdırıb.

 

CAR hökumətini təmsil edən fəxri qonaq, CAR-ın Beynəlxalq Əlaqələr və Əməkdaşlıq Departamentinin (XİN) baş direktorunun müavini, səfir xanım M.Dlomo öz növbəsində ikitərəfli münasibətlərin inkişaf imkanları, qarşılıqlı maraq doğura biləcək əməkdaşlıq istiqamətləri barədə fikirlərini bildirərək, yaşıl enerji sahəsində mühüm addımlar atan ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib.

 

Daha sonra tədbir bədii hissə ilə davam edib. Mədəni proqram çərçivəsində CAR-da yaşayan həmyerlimiz, xoreoqraf Azər Mirzəyevin təsisçisi və bədii rəhbəri olduğu “Xarıbülbül” rəqs qrupunun üzvü yerli qızlar tərəfindən Azərbaycan milli rəqsləri məharətlə ifa edilib. Diaspor Gənclərinin IV Yay Düşərgəsinin iştirakçısı Ramil Şükürovun ifasında milli mahnılar səsləndirilib. Rəqs və mahnılar qonaqlar tərəfindən maraq və alqışlarla qarşılanıb.