Daha bir kollec məzunu MİQ-dən yüksək bal topladı – “Paytaxtda işləməyi düşünmürəm”

Dünən müəllimlərin işə qəbulu imtahanında yüksək nəticə göstərənlərdən biri də Gəncə Humanitar Kollecin məzunu Aynur Rzayevadır.  O, Texnologiya fənni üzrə imtahandan 93,75 bal toplayıb.

Viral.az Aynur xanımla müsahibəsini təqdim edir.

-Aynur xanım, özünüz barədə bir qədər ətraflı məlumat verə bilərsiniz?

Son Yazılar:

-Mən, Rzayeva Aynur Vilayət qızı. 1991-ci ildə Gəncə şəhərində anadan olmuşam. Gəncə Humanitar Kollecini bitirmişəm və hazırda Gəncədə yaşayıram.

-Aynur xanım, neçə vaxtdır MİQ-ə hazırlaşırsınız?

-Mart ayından etibarən imtahana hazırlaşırdım. Uğurumu başda hazırlıq müəllimlərimə borcluyam. İxtisas üzrə Ayşən Əfəndiyeva, kurikulum üzrə Gülnar Kərimovaya təşəkkür edirəm.  

-Balınızı görəndə necə hisslər keçirdiniz? Yüksək bal toplayacağınıza inanırdınız?

-Balımı görəndə çox sevindim. İlk işim müəllimlərə zəng etmək oldu. Əslində bu qədər yüksək toplayacağımı gözləmirdim, amma özümə güvənirdim. Sualları görəndən sonra anladım ki, oxuyana hər şey asan gəlir.

-Aynur xanım, sizin kimi MİQ-ə imtahan verən müəllimlərə nə tövsiyələriniz var?

-Hazırlaşan müəllimlərə çoxlu oxumağı və biliklərini test üzərində möhkəmləndirməyi məsləhət görürəm. Mən ailəli, 3 uşaqla bacardımsa, üzərində işləyən hər kəs bacara bilər.

-Yüksək bal toplayanlardan bir çoxu paytaxtda işləməyi hədəfləyir, bəs siz harada işləmək istəyirsiniz?

-Müəllim olmaq çoxdandan arzumdur. Harada olursa, olsun şərəflə bu peşəni icra etməyə hazıram. Sadəcə uşaqlarım körpə olduğundan Gəncə və ya bura yaxın ərazilərdə işləsəm sevinərəm. Mən ümumiyyətlə uşaqlarla işləməyi çox sevirəm. // azedu.az