Aqrar Biznes festivallarına 7 minə yaxın fermer qatılıb

Bu ilin I yarısında Salyan, Yevlax, Masallı, Quba, Qazax, Qəbələ, İsmayıllı, Saatlı, Samux və Xızı rayonlarında keçirilmiş Aqrar Biznes festivallarında 6 756 fermer iştirak edib.

 

Viral.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, festivallara qatılmış fermerlərin 91,3 %-i kişi, 8,7 %-i qadın olub.

Son Yazılar:

 

Festivallar Şirvan-Salyan, Mərkəzi Aran, Lənkəran-Astara, Quba-Xaçmaz, Qazax-Tovuz, Şəki-Zaqatala, Mil-Muğan, Gəncə-Daşkəsən və Abşeron-Xızı iqtisadi rayonlarını əhatə edib. Ümumilikdə tədbirlərə 52 rayon və şəhərdən gəlmiş fermerlər qatılıblar.

 

Aqrar sahədə müasir innovativ yeniliklərin nümayiş olunduğu festivallarda ümumilikdə 29 dövlət qurumu və 112 özəl şirkət təmsil olunub. Tədbirlər çərçivəsində 18 şirkət və fərdi sahibkar 3 525 988 manatlıq satış həyata keçirib. Şirkətlər tərəfindən əsasən traktorlar, konteyner daşıyan qoşqular, meyvə yığan platformalar, tunel tipli ön soyutma sistemləri, hava ilə soyutma avadanlıqları, fındıq toplayan aqreqatlar, bağ ləvazimatları, toxum, ting, arıçılıq məhsulları, qurudulmuş meyvə satışı gerçəkləşdirilib.

 

Aqrar Biznes Festivallarında fermerlər üçün 18 təlim təşkil olunub. Təlimlərin mövzuları fermerlərin ehtiyacları nəzərə alınaraq müəyyənləşdirilib, Aqrar Təlim Mərkəzi, elmi-tədqiqat institutları və özəl şirkətlərin mütəxəssisləri prosesə təlimçi qismində qatılıblar.

 

Festivallar çərçivəsində fermerlər üçün kredit yarmarkaları təşkil olunub. Kredit yarmarkalarında 13 bank və 1 bank olmayan kredit təşkilatı öz məhsulları barədə fermerlərə məlumat veriblər.

 

Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti Aqrar Biznes festivalları bu ay Gədəbəy və Yardımlı rayonlarında keçiriləcək.