ABŞ-ın Azərbaycandakı səfirliyi Beynəlxalq Təhsil üzrə Amerika Şurası ilə birgə Birləşmiş Ştatlarda təhsil almağa marağı olan orta məktəb və universitet tələbələri, eləcə də onların valideynləri üçün “EducationUSA” məzun sərgisini təşkil edəcək.
Viral.az ABŞ-ın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, təhsil sərgisində ABŞ səfirliyinin mübadilə proqramları və 35-dən çox ABŞ universiteti təmsil olunacaq, həmçinin, səfirliyin konsulluq xidmətinin əməkdaşları tələbə vizaları ilə bağlı məlumat verəcəklər. Sərgi iyunun 1-i saat 11:00-dan 14:00-a kimi Landmark-ın Rotunda Zalında keçiriləcək.
Qüyd olunub ki, sərgidə ABŞ universitetlərinin azərbaycanlı və amerikalı məzunları öz məzun olduqları universitetləri təmsil edəcək və Amerika Birləşmiş Ştatlarında təhsil almaq üçün təcrübə və məsləhətlərini bölüşəcəklər.
Qeyd edək ki, 2022-2023-cü tədris illərində ABŞ-nin ali təhsil müəssisələrində 901 azərbaycanlı tələbə təhsil alıb. Bu, 2021-ci il ilə müqayisədə təxminən 25%, 2020-ci il ilə müqayisədə isə 62% artım deməkdir. Bu il Amerika Universitetinin Vaşinqton Hüquq Kolleci ADA Universiteti ilə birgə yeni diplom proqramına başlayıb və SAT universitetlərə qəbul imtahanında iştirak edən azərbaycanlı tələbələrin sayı iki dəfədən çox artıb.