Səudiyyə və Türkiyə arasında ticarət artacaq 

Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Farhan Əl-Səud Türkiyədə səfərdədir.

 

Viral.az xəbər verir ki, səfər çərçivəsində şahzadə Feysəl bin Farhan Əl-Səud Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ölkənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb.

Son Yazılar:

 

Türkiyə Prezidenti Administrasiyasının İstanbuldakı Dolmabahçe ofisində keçirilən görüşdən sonra XİN rəhbərləri mətbuata birgə açıqlama veriblər.

 

Bildirilib ki, görüşdə ticarət, inşaat, sərmayə, turizm, enerji və digər sahələr üzrə mövcud əməkdaşlığı daha da artırmaq üçün atılacaq addımlar ətrafında fikir mübadiləsi aparılıb. Ölkələr arasındakı ticarət həcmi ötən ildən etibarən 6,8 milyard dollara çatıb. Türkiyə Prezidenti ilə keçirilən görüşdə bu rəqəmin ilkin mərhələdə 10 milyard, daha sonra isə 30 milyarda çatdırılması istiqamətində hədəf bir daha müəyyən edilib. Bu istiqamətdə fəaliyyətlər olduqca böyük həssaslıqla davam etdirilir. Təxminən 14 il aradan sonra təkrar gündəmə alınan Türkiyə-Körfəz Əməkdaşlıq Şurası Azad Ticarət Sazişi də hədəflərə nail olmaq baxımından ciddi töhfə verəcək. Müzakirələrin ən qısa vaxt ərzində tamamlanaraq anlaşmaların imzalanması üçün fəaliyyətlər davam etdirilir.

 

Diqqətə çatdırılıb ki, Səudiyyə Ərəbistanı Türkiyənin podratçı şirkətlərinin ən çox layihə həyata keçirdiyi ölkələr arasındadır. Qarşıdakı dövr də bu sahə üzrə daha çox fürsətlər irəli sürür. Türk firmalar istər 2030 baxışı çərçivəsində nəzərdə tutulan fəaliyyətlər, istərsə də Səudiyyə Ərəbistanın ev sahibliyi edəcəyi “EXPO 2030” ümumdünya sərgisi və 2034-cü il futbol üzrə dünya çempionatı kimi böyük tədbirlərlə bağlı layihələrə töhfə verməyə hazırdır.

 

Nazirlər, eyni zamanda, ölkələri arasında müdafiə sənayesi üzrə əməkdaşlığın daha da inkişafı istiqamətində həmfikir olduqlarını vurğulayıblar.

 

Bildirilib ki, toplantıda qarşılıqlı əlaqələrlə yanaşı, bölgədə və dünyada, o cümlədən Sudan, Afrika, Yəmən kimi ölkələrdə baş verən son hadisələr, eləcə də İsrail-Fələstin qarşıdurması və bu münaqişənin təcili həlli istiqamətində atılması vacib olan addımlar ətrafında əhatəli müzakirə aparılıb.

 

Qeyd edək ki, səfər çərçivəsində Türkiyə və Səudiyyə Ərəbistanı arasında 2016-cı ildə təsis edilən və ilk iclası 2017-ci il fevral Ankarada keçirilən Koordinasiya Şurasının fəaliyyətini canlandırmaq məqsədilə hazırlanan “Türkiyə Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında Koordinasiya Şurasının Yaradılmasına dair Anlaşma Memorandumu”nun yenilənməsinə dair protokol imzalanıb.