Dənizdə baş verən boğulma hadisələri artıq yay fəslinin faciəsinə çevrilib. Demək olar ki, hər il analoji hadisələr yaşanır. İllər keçdikcə isə, Xəzər dənizi sanki daha çox insanı öz ağuşuna alır. Nəticə isə acı sonluqdur. Bir çoxları bunun səbəbini məsuliyyətsizlik, laqeydliklə əlaqələndirib, qoyulan qaydalara əməl etmədikləri üçün insanları günahlandırır. Ancaq bir qisim şəxslər də var ki, batmağa səbəb kimi dənizin dibində olan zəlzələ çuxurlarını göstərir.
Viral.az xəbər verir ki, Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, elmlər doktoru Qulam Babayev “Yeni Sabah”a açıqlamasında zəlzələnin dənizdə yaratdığı çuxurların bu hadisələrlə əlaqəsini izah edib:
“Seysmoloq olaraq müşahidə etmişəm ki, son illər 2023-cü ildən etibarən Xəzər dənizində zəlzələnin baş verməsi kəskinləşib və aktiv şəkildə özünü büruzə verir. 2024-cü ilin sonuna qədər belə davam edəcək. Ümumiyyətlə isə, Xəzər dənizi çox mürəkkəb tektonikliyə malikdir. Burada bir neçə qırılmalar, tektonik pozuntular, qırışıqlar, xırda miqyaslı tektonik hərəkətlər mövcuddur. Təbii ki, zəlzələlərin tez-tez baş verməri Xəzərin dibinə də öz təsirini göstərir. Son zamanlar dənizin suyunda enmə müşahidə olunur. Enməyə səbəb kimi bir neçə versiya göstərilir ki, parlama, iqlim dəyişikliyi və s. proseslərlə əlaqələndirilir”.
Ekspert insanları dənizdə riskli hərəkətlər etməməyə səsləyib:
“Bir seysmoloq kimi, mən mövcud vəziyyəti Xəzər dənizinin dibinin dəyişməsi ilə əlaqələndirirəm. Çünki Xəzər dənizinin dibi son illər aktiv hərəkətdədir və burada yerdəyişmələr mövcuddur. Həmçinin, çuxurlar da əmələ gəlir. Bu həm dərinliklər, həm də səthə yaxın ərazilər üçün keçərlidir. Bu səbəbdən əhali çox ehtiyatlı davranmalıdır. Tövsiyə olunan və təhlükəsiz ərazilərdə üzməlidir. Unutmaq olmaz ki, Xəzər dənizində çuxurlar mövcuddur. Hətta icazə verilən səthi yerlərdə belə çuxurlar çoxdur. Əhalini ehtiyatlı olmağa və çox riskli hərəkətlər etməməyə çağırıram. “Bura dayazdır, bir az da üzərək qabağa gedim” deyərək çox da uzaqlaşmasınlar. Çuxurlarla üzləşə bilərlər və belə olduqda onların həyatını xilas etmək təəssüf ki, mümkün olmur”.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI