COP29 zamanı Bakıda toy-nişan olmayacaq? 

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Noyabr ayının 11-25 tarixlərində baş tutacaq beynəlxalq tədbirin keçirilməsi Bakının müxtəlif istiqamətlərində planlaşdırılıb.


Viral.az xəbər verir ki, məlumatlara görə, həmin vaxt Bakıda bəzi məhdudlaşdırıcı addımlar atılacaq. Dərslərin onlayın qaydada keçirilməsi, toy-nişan, ad günləri, bir sözlə, təntənəli mərasimlərin keçirilməsinin müvəqqəti təxirə salınacağı deyilir. Hətta bununla bağlı şəhərdə fəaliyyət göstərən şadlıq evlərinə xəbərdarlıq da edildiyi bildirilir.


Doğrudanmı COP 29 keçirilən ərəfədə Bakıda toy olmayacaq?

Son Yazılar:


“Sərin” şadlıq sarayından bildiriblər ki, COP 29 tədbiri keçirilən ərəfə üçün heç bir sifariş götürülmür:


“Nə toy, nə nişan? Yox, Bakıda böyük tədbir keçiriləcək. Bununla bağlı mərasimlərin keçirilməsinə məhdudiyyətlər qoyulub. Noyabrın 11-dən 25-nə kimi heç bir sifarişimiz yoxdur”.


“Venera” şadlıq evindən də həmin tarixə sifariş qəbul edilmədiyi vurğulanıb:


“Bilmirik, biz də qalmışıq belə. Ölkədə vəziyyət başqadır. Hələ ki, həmin günərə sifariş götürülmür. Bir neçə günə bizə məlumat verəcəklər, bu səbəbdən də sifarişi dayandırmışıq. Məsələyə aydınlıq gətirilsin, sonra”.

“Kəmalə-Nərmin” şadlıq evi isə hələlik məsələ ilə bağlı onlara hər hansı bir məlumatın verilmədiyini diqqətə çatdırıb:


“Bizə heç nə deməyiblər. Şayiəni camaat yayır. COP 29-un toya nə aidiyyatı? Tədbirlər ayrı-ayrı məkanlarda baş tutacaq. Belə məlumatları yayıb camaatı toyunu ləngidirlər”.


“Yeganə” şadlıq evi isə həmin tarixə sifariş götürdüyünü açıqlayıb:


“Hazırda sifariş götürürük. Bizə aidiyyatı qurumlardan hər hansı məlumat daxil olmayıb, heç nə deyilməyib”.  /  Qaynarinfo