Barselonada Rəsulzadənin 140 illik yubileyi qeyd olunub

İspaniyanın Barselona şəhərində 28 May – Müstəqillik Günü və Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyi qeyd olunub.

 

“Barselonadakı Azərbaycanlılar Cəmiyyəti”, Barselona Azərbaycan Evinin təşkilatçılığı və Diasporla İş Üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutan tədbirdə Azərbaycan icmasının, yerli ictimaiyyətin nümayəndələri və media mənsubları iştirak ediblər.

Son Yazılar:

 

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Azərbaycanın Müstəqillik Günü və Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

 

Daha sonra “Barselonadakı Azərbaycanlılar Cəmiyyəti”nin və Barselona Azərbaycan Evinin rəhbəri Kərim Kərimov soydaşlarımızı və ölkəmizin dostlarını 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib. Tədbirin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” 2023-cü il 30 dekabr tarixli Sərəncamı rəhbər tutularaq təşkil edildiyini bildirərək, Azərbaycan Xalq Cümhuriyyətinin tariximizin şanlı səhifələrindən biri olduğunu deyib.

 

Tədbir Azərbaycan və ispan musiqiçilərinin, eləcə də ispan və milli rəqs qruplarının ifasında rəngarəng konsert proqramı ilə davam edib.