Azərbaycanla Qırğızıstan arasında əməkdaşlıq

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türk Dövlətləri Təşkilatının (TDT) və Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş prokurorlarının növbəti iclaslarında iştirak etmək məqsədilə Bişkek şəhərinə işgüzar səfərə gedib.

 

Viral.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.

Son Yazılar:

 

Səfər çərçivəsində Baş prokuror ölkəmizin Qırğız Respublikasındakı Səfirliyinə gələrək diplomatik nümayəndəliyimizin əməkdaşları ilə görüşüb, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Daha sonra nümayəndə heyəti Heydər Əliyev adına 20 nömrəli məktəb-gimnaziya təhsil-tərbiyə kompleksində türk dünyasının görkəmli xadimi Ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edib, Ulu öndərin əziz xatirəsi ehtiramla yad olunub. Həmçinin, Bişkekdə fəaliyyət göstərən Nizami Gəncəvi adına 103 nömrəli Qırğızıstan-Azərbaycan orta məktəb və Dostluq Parkı ziyarət olunub.

 

İyulun 24-də bir sıra ikitərəfli görüşlər keçirilib.

Belə ki, Qırğızıstanın yeni təyin edilmiş Baş prokuroru Maksat Asanaliyevlə keçirilmiş görüşdə Kamran Əliyev eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malik ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin hər iki ölkə prezidentlərinin birgə səyləri nəticəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, ikitərəfli münasibətlərin bir çox istiqamətlərdə uğurla inkişaf etdiyini diqqətə çatdırıb.

 

Qırğızıstanın Baş prokuroru ölkəmizin hüquq-mühafizə, xüsusilə prokurorluq orqanları ilə əməkdaşlığın səviyyəsindən məmnunluğunu bildirərək, cinayətkarlığa qarşı mübarizə sahəsində qabaqcıl təcrübə mübadiləsinin önəmindən bəhs edib.

 

Görüş zamanı əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Qırğız Respublikasının Baş Prokurorluğu arasında Əməkdaşlıq haqqında Razılaşmanın və onun icrası istiqamətində 2025-2026-cı illər üçün Əməkdaşlıq Proqramının imzalanması mərasimi baş tutub.

 

Səfər çərçivəsində Baş prokuror Türkiyənin yeni təyin olunmuş Baş prokuroru Muhsin Şentürklə görüşüb. Azərbaycan və Türkiyənin liderləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın uzaqgörən siyasəti nəticəsində dövlətlərarası əlaqələrin bütün sahələrdə müvəffəqiyyətlə inkişaf etdiyi bildirilib. Bu əlaqələrin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “bir millət, iki dövlət” prinsipinə əsaslandığını və gələcəkdə davam edəcəyinə əminlik ifadə edilib.

 

Görüşdə həm ikitərəfli formatda, həm də TDT Baş Prokurorlar Şurası çərçivəsində transmilli cinayətkarlığın müxtəlif formalarına qarşı mübarizə sahəsində əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

 

Həmçinin, səfər zamanı Kamran Əliyev TDT-nin Baş katibi Kubanıçbek Omuraliyev ilə görüş keçirib. Baş katib ölkəmizin türk dövlətlərinin həmrəyliyində aktiv rolu barədə danışaraq, son dövrlər əməkdaşlığın daha da intensiv şəkildə inkişaf etdiyini vurğulayıb.

Baş prokuror Azərbaycanla TDT arasında əməkdaşlığın əhəmiyyətini vurğulayaraq qardaş və dost türkdilli ölkələrin müxtəlif qurumları, o cümlədən prokurorluq orqanları arasında əlaqələrin gücləndirilməsinin önəmli olduğunu bildirib.

 

İyulun 24-də keçirdiyi görüşlərdə Baş prokuror Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə bərpa olunduğu, dövlət başçısının və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə Qarabağda sürətli bərpa və quruculuq işlərinin aparıldığı barədə həmkarlarını məlumatlandırıb.

 

Kamran Əliyev, həmçinin, dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un, cari ilin 29 sentyabr- 2 oktyabr tarixlərində Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik konfransı və ümumi yığıncağının ölkəmizdə keçiriləcəyini bildirərək, həmkarlarını mötəbər tədbirdə iştiraka dəvət edib.

 

Görüşlərdə ölkəmizin Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov iştirak edib.