“Təəssüflər olsun ki, indiyədək Ermənistan bizə minalarla bağlı dəqiq məlumatı verməkdən qaçır və verilmiş məlumatlar, sizin də bildiyiniz kimi, çox keyfiyyətsiz və aşağı səviyyədə olan məlumatlardır”.
Viral.az xəbər verir ki, bunu Bakıda keçirilən Minatəmizləmə Fəaliyyəti üzrə Beynəlxalq Konfrans çərçivəsində Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov jurnalistlərə açıqlamasında deyib.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Ermənistanın minalarla bağlı verdiyi məlumatların yararsız olduğunu deyən Elçin Əmirbəyov konfransın əsas məqsədinin dünya ictimaiyyətinin diqqətini Azərbaycandakı mina probleminə yönəltmək olduğunu qeyd edib:
“Nəzərə alsaq ki, bu il Azərbaycan COP29-a ev sahibliyi edir, biz istərdik ki, bu konfransın mövzusunu daha çox təbiətin qorunması və ekoloji aspektlərə yönəldək. Bu konfransda 300-dən çox beynəlxalq ekspert, 75 ölkəni təmsil edən nümayəndələr toplanıb və mənə elə gəlir ki, bu məsələnin tanıdılması baxımından və Azərbaycana beynəlxalq ictimaiyyətin diqqəti və yardımının verilməsi baxımından vacib tədbir olub”.
O, bir çox ölkələrin artıq minatəmizləmə ilə bağlı Azərbaycana dəstək ifadə etdiklərini xatırladıb:
“Səudiyyə Ərəbistanı da həmin ölkələrdən biridir. Yaxınlarda biz digər yaxşı xəbərlər eşidəcəyik, ilkin məlumatlara əsasən, həmin regiondakı digər ölkələrdən olan tərəfdaşlarımız da həmin səylərə qoşulacaqlar. Artıq Aİ səfiri qeyd etdi ki, Aİ ənənəvi olaraq bu məsələdə ən böyük donordur. Bu yardımın artması istiqamətində Aİ konkret addımlar atmağa hazır olduğunu bildirib”.
Elçin Əmirbəyov Azərbaycanın mina problemi ilə bağlı öz məsuliyyətini dərk edərək minatəmizləmə işlərinin maliyyələşdirilməsinin 95 faizini öz dövlət büdcəsi hesabına etdiyini xatırladıb:
“Bu onun göstəricisidir ki, biz heç də digər ölkələrdən yardım gözləmirik, biz öz işimizi görürük. Vacibdir ki, beynəlxalq ictimaiyyət öz yardımını da etsin, çünki biz hesab edirik ki, beynəlxalq ictimaiyyət bu məsələdə heç də lazımi diqqət və yardımını göstərmir”.
O, Ermənistanın Azərbaycanın tələblərinə uyğun olaraq minalarla bağlı daha dəqiq məlumatları verəcəklərini gözlədiklərini deyib.
“Bu tərəflər arasında etimadı quruculuğu tədbiri kimi də nəzərdən keçirilə bilər. Bizə verilmiş bu məlumatlar Minatəmizləmə Agentliyi və digər dövlət qurumları tərəfindən o qədər də nəzərə alınmır, ona görə ki, onların qeyri-dəqiqliyi həmin məlumatları yararsız edir. Amma mənə elə gəlir ki, sırf humanitar perspektivdən və eyni zamanda, onların mənəvi borcudur ki, bu məlumatları bizə versinlər”, – Elçin Əmirbəyov qeyd edib.