Azərbaycan Prezidenti İlham Əliyev may ayında bir çox görüşlər keçirib, ölkəmizə səfər edən xarici ölkələrin liderləri ilə görüşüb, Qarabağda açılışlar və təməlqoyma mərasimləri edib.
Viral.az dövlətimizin başçısının may ayındakı fəaliyyətini təqdim edir:
Son Yazılar:
- Ağalarovun Əminə ilə yeni görüntüsü – VİDEO
- Kanada Ukraynaya NASAMS HHM sistemi verdiyini TƏSDİQLƏDİ
- “Yalı çapkını” final edə bilər
May ayının ilk günü İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib. Dövlət başçısı çıxışında dünyadakı münaqişələrdən, Azərbaycandakı mədəniyyətlərarası dialoqdan, Bakıda keçiriləcək COP29-dan danışıb. Mərasimdən sonra Prezident İlham Əliyev forumda iştirak edən qonaqlarla görüşüb.
İlin 5-ci ayında Slovakiyanın Baş naziri Robert Fitso, Bolqarıstan Prezidenti Rumen Radev, Belarus Prezidenti Aleksandr Lukaşenko, Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycanda səfərdə olub.
Mayın 7-də Bakıda səfərdə olan Fitso İlham Əliyevlə görüşüb, məhdud və geniş tərkibdə keçirilən görüşlərdə ikitərəfli və çoxtərəfli əməkdaşlıq müzakirə edilib. İki ölkə arasında 3 mühüm sənəd imzalanıb. Görüşlərdə iki ölkənin birgə silah istehsalı imkanları da nəzərdən keçirilib.
Fitso İlham Əliyev prezident seçilməsi münasibətilə təbrik edib. “Bu, həqiqətən onun göstəricisidir ki, Siz bu ölkə üçün çox önəmli bir şəxsiyyətsiniz və Sizi yenidən seçilməyiniz münasibətilə təbrik edirəm. Sizə açıq şəkildə deyə bilərəm ki, təkbətək görüşümüzdə müzakirələrimiz ölkəniz və Sizin haqqınızda düşündüyümün təsdiqi oldu. Siz suveren xarici siyasətin tərəfdarısınız. Siz beynəlxalq hüququ müdafiə edən şəxsiyyətsiniz. Siz praqmatik şəxsiyyətsiniz və Sizin xarici siyasətiniz təkcə bir istiqamətdə köklənməyib. Siz ərazi bütövlüyünün nə dərəcədə vacib olduğunu çox gözəl bilirsiniz”.
Ertəsi gün isə Bolqarıstan Prezidenti Rumen Radev xanımı ilə Bakıda səfərdə olub. İlham Əliyevlə məhdud və geniş tərkibdə görüşən Radev dövlətimizin başçısının Bolqarıstanın və özünün dostu olduğunu bildirib.
“Mən Prezident Əliyevlə yeddi ildən artıqdır ki, tanışam və bu dövr ərzində bizim çoxsaylı müzakirələrimiz olub. Mən onun cəsarətli baxışına şahidəm, ona çox gözəl bələdəm”, – o əlavə edib.
Səfər çərçivəsində iki ölkə arasında 4 mühüm sazişə imza atılıb.
Mayın 10-da, Ümummilli Lider Heydər Əliyevin doğum günündə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa və Füzulidə olublar. İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər. Sus kəndinin sakinləri ilə də görüş keçirilib.
Ertəsi gün Şuşada VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimi keçirilib. Dövlət başçısı və birinci xanım açılış mərasimində iştirak edib, dövlət başçısı çıxış edib.
“Biz 28 il Şuşasız yaşayırdıq. Həm şuşalılar, həm bütün Azərbaycan xalqı bu illəri mənəvi əzab illəri kimi öz yaddaşlarında saxlayırlar və saxlayacaqlar… Bu işğala baxmayaraq, Şuşa öz ruhunu – Azərbaycan ruhunu qoruyub saxlaya bildi. Biz Şuşa azad olunandan sonra Şuşaya qayıtdıqda bir daha hər birimiz bunu görmüşük və dəfələrlə görürük. Şuşaya gələn hər bir insan əyani şəkildə görür ki, burada Azərbaycan ruhu var. Şuşa işğal, əsarət dövründə əyilmədi və biz – Azərbaycan xalqının nümayəndələri Şuşaya qayıtmalı idik. Qan tökərək, şəhidlər verərək, – Allah bütün şəhidlərimizə rəhmət eləsin, – Şuşanın azad edilməsi, şəhər döyüşləri nəticəsində azad edilməsi tariximizin parlaq səhifəsidir”, – dövlət başçısı çıxışında bildirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 14-də ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin və bu prosesin əsasını təşkil edən fundamental prinsiplərin təşəbbüskarı məhz ölkəmiz olub və sülh müqaviləsinin mətni də Azərbaycan tərəfindən hazırlanaraq müzakirəyə təqdim edilib. Dövlətimizin başçısı qeyd edib ki, ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtıdır.
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mayın 16-da Bakıda, 17-də isə Qarabağda səfərdə olub. Bakıda iki ölkə arasında 8 sənəd imzalanıb. İlham Əliyev və Aleksandr Lukaşenko Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar, Şuşada isə Azərbaycan ilə Belarusun birgə istehsalı olan avtobusa və Belarus Prezidentinin hədiyyə etdiyi traktorlara baxıblar.
Mayın 18-də dövlət başçısı Cəbrayılın 3 kəndinin, Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoyub. Həmin gün İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda “Ağalı” hotelinin açılışında iştirak ediblər.
Mayın 19-da isə İlham Əliyev və İranın mərhum Prezidenti İbrahim Rəisi iki ölkənin sərhədində görüş keçirib. Azərbaycan və İran prezidentlərinin iştirakı ilə “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib.
Rəisinin helikopter qəzasında həlak olmasından sonra İlham Əliyev mayın 21-də İranın ölkəmizdəki səfirliyində olub, İran Prezidentinin və digər şəxslərin helikopter qəzasında həlak olmaları ilə əlaqədar başsağlığı verib.
Mayın 23-də Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycana gəlib, İlham Əliyevlə görüşlər keçirib və iki ölkə arasında sənədlər imzalanıb.
“İlk növbədə, ənənəvi qonaqpərvərliyə, yüksək diqqətə və səmimi qəbula görə Azərbaycan Respublikasının Prezidenti, əziz dostum və qardaşım İlham Heydər oğlu Əliyevə və qardaş Azərbaycan xalqına ürəkdən təşəkkür etmək istəyirəm. Bu gün regionun ən böyük sənaye, iqtisadi və elmi-texniki mərkəzlərindən biri olan qədim tarixə malik gözəl Bakı şəhərini növbəti dəfə ziyarət etdiyimə görə çox şadam. Azərbaycan paytaxtının təkrarolunmaz siması ölkənin dinamik sosial-iqtisadi inkişafının və Azərbaycan xalqının rifahının davamlı olaraq yüksəlməsinin təcəssümüdür”, – Rəhmon birgə mətbuat konfransında deyib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 27-də Bakıda “Crescent Bay” layihəsinin təqdimatı və “Crescent Mall” ticarət mərkəzinin açılışında iştirak ediblər.
Mayın 28-də isə dövlət başçısı yenidən Qarabağda səfərdə olub. Prezident Ağdamın Tağıbəyli, Güllücə, Nəmirli, Şotlanlı kəndlərinin əsasını qoyub. İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva mayın 28-də Xocalı şəhərində 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar, Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər.