Bizim reklamlara baxanda o şirkətin də yerinə utanıram, o reklamı “düşünənin” də

İctimai Televiziyanın aparıcısı Nigar Sabirqızı Azərbaycanda fəaliyyət göstərən mobil operatorların reklamlarını tənqid edib.

Viral.az xəbər verir ki, o, bu barədə özünün feysbuk hesabında yazıb.

“Bir Türkiyənin mobil operatorlarının reklamlarına baxıram, bir də bizim mobil operatorların reklamlarına. Əgər bizimkinə reklam demək olarsa. O qədər primitivdir ki, reklam deməyə də dilim gəlmir. Elə bilirlər müğənniləri reklama çəkməklə iş qoyurlar ortaya. “İdeya” fontan vurur. İndi deyəcəksiz ki, Türkiyədə reklam hazırlayanlara verilən pulla bizimkilərə verilən pul eyni deyil. Az pula da belə əndrəbadi reklam ortaya çıxır. Haqlısız. Bəs bizdə niyə o pullar verilmir? Bizim mobil operatorlar az pul qazanır? Əlbəttə, yox. Sadəcə heç kim pul xərcləmək istəmir. Bizim reklamlara baxanda o şirkətin də yerinə utanıram, o reklamı “düşünənin” də. Təbii ki, bu sadəcə mobil operatorun reklamlarına aid deyil. Türkiyənin reklamlarına baxanda ideyadan adamın ağzı açıq qalır. Bizim reklamlar bəsit, ucuz, keyfiyyətsiz, baxımsız… Daha nə deyim? Bizə də belə ideyalar düşünən beyinlər və o beyinləri işləməyə sövq edən pul lazımdır. Amma bizimkilər ucuz ətin şorbasını içməkdə və içirməkdə israrlıdır”, – deyə Nigar Sabirqızı qeyd edib.

Son Yazılar:

(redaktor.az)