Bud-çanaq oynağı insan bədəninin ən böyük oynağıdır. Onsuz yerimək, oturub-durmaq, qaçmaq, bədəni vertikal vəziyyətdə saxlamaq kimi hamıya tanış olan hərəkətləri təsəvvür etmək mümkün deyil. Bu oynağın zədələnməsi, eləcə də, degenerativ və iltihabi xəstəliklər nəticəsində oynaqdakı dəyişikliklər ciddi ağrılara və hərəkət məhdudiyyətlərinə səbəb ola bilər. Konservativ müalicə metodları ilə aradan qaldırıla bilinməyən hallarda, pasiyentin əvvəlki aktivlik və həyat tərzini geri qaytara biləcək yeganə yol bud-çanaq oynağının tam və ya hissəvi olaraq süni protezlə dəyişdirilməsi əməliyyatıdır.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən Viral.az-a bildirilib ki, 2024-cü ilin ilk 6 ayında icbari tibbi sığorta çərçivəsində ümumilikdə 1434 bud-çanaq oynağının dəyişdirilməsi əməliyyatı uğurla icra olunub. Bu əməliyyatların 1146-sı bud-çanaq oynağının total dəyişdirilməsi (həm bud sümüyü başının, həm də asetabulumun protezlə əvəz edilməsi), 288-i isə bud-çanaq oynağının hissəvi dəyişdirilməsi (bipolyar endoprotez) üzrə həyata keçirilib.
Bud-çanaq oynağının dəyişdirilməsi əməliyyatından əvvəl xəstənin sağlamlıq vəziyyətini düzgün qiymətləndirmək məqsədilə tibbi göstəriş əsasında ixtisaslı həkim tərəfindən təyin edilmiş bir sıra müayinələr – oynağın bir neçə proyeksiyada rentgenoqrafiyası, KT, MRT və digərləri həyata keçirilir. İcrası zəruri olan funksional diaqnostik və laborator müayinələr icbari tibbi sığorta təminatına daxildir.
Son Yazılar:
- Çexiya daşqınlardan dəyən ziyanı açıqladı
- “Beşiktaş” doğma meydanda məğlub OLDU
- Məşhur azərbaycanlı tiktokerin həbsinin detalları – Fotolarla şantaj edirmiş…
Sözügedən əməliyyat zamanı icra edilən instrumental və laborator müayinələr, reanimasiya və stasionarda yatış, bu zaman istifadə olunan dərman və tibbi sərf, xüsusi tibbi sərfiyyat (endoprotez), yatış müddətində həyata keçirilən manipulyasiyalar, qan və ya qan komponentləri, o cümlədən fizioterapiya xidmətləri icbari tibbi sığorta tərəfindən qarşılanır.
İcbari tibbi sığorta ilə təmin edilən endoprotez yüksək keyfiyyəti ilə seçilən İsveçrənin “Medacta” şirkətinin istehsalıdır.
Qeyd edək ki, bud-çanaq oynağının dəyişdirilməsi əməliyyatı icbari tibbi sığorta ilə həkim göstərişi əsasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki dövlət tibb müəssisələrində, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki elmi-tədqiqat institutlarında, həmçinin göndəriş əsasında özəl tibb müəssisələrində həyata keçirilir.