Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 30-da Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.
Viral.az xəbər verir ki, qəbula görə dövlətimizin başçısına təşəkkürünü bildirən Şamil Ayrım Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş edib.
Son Yazılar:
- 30 milyon insanın həyatı təhlükə ALTINDADIR
- Cüdoçularımız Avropa Kubokunda 4 medal QAZANDI
- Ərindən boşanan Afətin ilk işi görün nə oldu
Qonaq Türkiyə Böyük Millət Məclisinin ölkədə keçiriləcək parlament seçkilərində böyük heyəti ilə müşahidəçi statusunda iştirak edəcəyini bildirib. Bu seçkilərin Azərbaycanın bütün ərazisində keçirilən ilk parlament seçkiləri olmasının önəminə toxunan Şamil Ayrım suverenliyin və ərazi bütövlüyünün tam təmin edilməsinin əhəmiyyətini vurğulayıb.
O, Türk Dövlətləri Təşkilatının dövlət başçılarının Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə təşkilata üzv ölkələrin başçıları ilə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentinin bir masada olmasına və Azərbaycanın Şimali Kipr Türk Cümhuriyyətinə göstərdiyi davamlı dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Şamil Ayrım vurğulayıb ki, Azərbaycan və Türkiyə prezidentlərinin qardaşlığı və dostluğu ölkələr arasında münasibətlərin yol xəritəsini müəyyənləşdirir. Azərbaycanın inkişafının və əldə etdiyi nailiyyətlərin Türkiyədə böyük qürur hissi doğurduğunu deyən qonaq ölkənin Qafqazın parlayan ulduzu olduğunu vurğulayıb.
Beynəlxalq münasibətlərdə Azərbaycanın artan roluna toxunan Şamil Ayrım bir sıra beynəlxalq təsisatlarda, xüsusilə də Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinə qarşı haqsızlığı və ədalətsizliyi qeyd edib.
Şamil Ayrım regionda davamlı sülhün təmin olunması istiqamətində Azərbaycanın atdığı addımları dəstəklədiklərini diqqətə çatdırıb.
Azərbaycanda keçiriləcək COP29-a hazırlıq işlərinin çox mükəmməl şəkildə aparıldığını vurğulayan qonaq bu beynəlxalq tədbirlə bağlı ölkəyə uğurlar arzulayıb.
Azərbaycan-Türkiyə qardaşlığının və strateji müttəfiqliyinin əhəmiyyətini vurğulayan dövlət başçısı ölkələrin daim bir-birinin yanında olduqlarını qeyd edib.
Prezident İlham Əliyev regional vəziyyətə toxunaraq deyib ki, Azərbaycan bölgədə davamlı sülhün təmin olunmasının tərəfdarıdır. Dövlət başçısı vurğulayıb ki, bunun üçün özünün artıq dəfələrlə qeyd etdiyi kimi, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiaları aradan qaldırılmalıdır və Konstitusiya dəyişdirilməlidir. Azərbaycan Prezidenti vurğulayıb ki, artıq keçmişin qalığı olan ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan təsisatlar tamamilə ləğv edilməlidir. Dövlət başçısı Minsk qrupunun ləğv edilməməsi ilə bağlı Ermənistanın mövqeyinin heç bir halda başadüşülən olmadığını deyib. Çünki əgər münaqişə keçmişdə qalıbsa və Ermənistanın baş naziri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini ifadə edirsə, onda keçmişin qalığı olan Minsk qrupunun saxlanmasına nə ehtiyac var?! Dövlət başçısı deyib ki, görünür, Ermənistan sülh müqaviləsində və regionda davamlı sülhün əldə edilməsində maraqlı deyil. Azərbaycan Prezidenti qeyd edin ki, Ermənistan qəsdən vaxt uzadır, Fransadan, digər Qərb ölkələrindən və başqa tərəflərdən yeni silahlar alır, öz ərazisində üçüncü tərəflərlə hərbi təlimlər keçirir.
Bir sıra Qərb təsisatlarında anti-Azərbaycan qüvvələrin ölkəsinə qarşı haqsız və ədalətsiz münasibətinə toxunan dövlət başçısı vurğulayıb ki, Avropa Şurası Parlament Assambleyasında bizim əleyhimizə olan mövqe bilavasitə öz ərazi bütövlüyümüzü və suverenliyimizi təmin etməyimizlə əlaqədardır.
Prezident İlham Əliyev Azərbaycanın Şimali Kipr Türk Cümhuriyyətinə davamlı şəkildə dəstək göstərdiyini qeyd edib, Türk Dövlətləri Təşkilatının Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə Şimali Kipr Türk Cümhuriyyətinin də iştirak etməsinin önəminə toxunub.
Görüşdə Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun üzvləri çıxış edərək iki ölkənin daim bir-birinin yanında olduğunu, Azərbaycanın gücünün Türkiyənin, Türkiyənin gücünün isə Azərbaycanın gücü olduğunu vurğulayıblar, Azərbaycan-Türkiyə qardaşlığının əhəmiyyətini qeyd ediblər.
11:08
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 30-da Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.