Zob xəstəliyi zamanı gözlərdə olan DƏYİŞİKLİKLƏR

Zob xəstəliyi qalxanabənzər vəzinin xəstəliyidir. Qalxanabənzər vəzi boynun aşağı ön hissəsində kəpənək şəkilli vəzidir. Vəzin ifraz etdiyi hormonlar maddələr mübadiləsini tənzimləyir, bədəni isti saxlayır, ürəyin və əzələlərin normal işləməsini təmin edir.

Viral.az xəbər verir ki, zob xəstəliyi zamanı bədəndə əmələ gələn əks cisimlər gözün əzələlərini, göz ətrafı yumşaq toxumaları özünə hədəf seçir. Bu toxumalarda iltihab, ödem, həcm artışı əmələ gəlir.

Qadınlarda Tiroid orbitopatiya kişilərə nisbətən 4 dəfəyə qədər daha çox rast gəlinir.

Son Yazılar:

Zob xəstəliyi zamanı gözlərdə olan dəyişikliklər

Xəstəliyin klinikası:

Zob xəstəliyi başladıqdan sonra 6 ay içində gözdə də əlamətlər başlayır (Tiroid orbitopatiya). Xəstəliyin şiddəti hormonların səviyyəsi ilə çox da əlaqəli deyil. Yəni həm hipotiroidizmdə, həm də hipertiroidizmdə, bəzən də hormonların səviyyəsi normal olsa belə xəstəlik əlamətləri görülür.

Xəstəlik yüngül, orta, ağır formada ola bilər.

Xəstəliyin əlamətləri:

• Üst göz qapağının çox açılması (Qapağın retraksiyası). Bu zaman xəstədə əsəbi görünüş olur.

• Gözlərdə sulanma, yanma, batma.

• Üst və alt göz qapaqlarının şişkinliyi, gözlərdə qızarıqlıq, konyuktivanın şişkinliği

• Göz əzələrinin tutulumuna bağlı iki görmə (diplopiya), göz əzələlərinin hərəkəti zamanı ağrı, hərəkət məhdudiyyəti, çəplik.

• Gözün önə doğru çıxması (ekzoftalmus)

Müalicəsi:

• Əgər gözdə qıcıqlanma, qaşınma varsa, soyuq kompress qoyulmalıdır.

• Zob xəstəliyi olan şəxslərdə gözlər Günəşin ultrabənövşəyi şüalarına qarşı həssas olur. Gözlıri həm Günəşdən, həm də küləkdən qorumaq üçün gün eynəyi taxılmalıdır.

• Yatağın baş hissəsini qaldırmaq lazımdır. Belə olduqda gözlərdə olan təzyiq hissi və şişkinlik azalır.

• Göz quruluğunu aradan qaldırmaq üçün süni göz yaşı damlalarından və gellərindən istifadə olunmalıdır.

• Əgər xəstədə iki görmə problemi varsa və müayinə zamanı prizmatik gözlüklərlə düzəlmə yaranırsa, prizmatik gözlüklər təyin olunur.

Belə xəstələrdə bəzən göz təzyiqi yüksək ola bilər. Bunu aradan qaldırmaq üçün xəstə davamlı nəzarətdə olmalı, lazım gəldikdə dərman müalicəsi təyin olunmalıdır. Yerli və sistemik dərman müalicəsinə steroidlər, immunsupressiv dərmanlar aiddir.

Cərrahi müalicə:

Tiroid orbitopatiya zamanı göz qapaqlarındakı dəyişiklikləri, gözün önə çıxmasını, çəpliyi aradan qaldırmaq üçün əməliyyat icra olunur.

Göz qapağının çox açılmasını (retraksiyasını) aradan qaldırmaq üçün blefarotomiya əməliyyatı icra edilir. Əgər görmə sinirinin sıxılması (dekompressiyası), göz almasının önə çıxması (ekzoftalmus) varsa, göz yuvasının dekompressiyası əməliyyatı olunur.

//e-tibb.az