Qurumlarda vakansiya barədə məlumat verməyənlər cəzalandırılmalıdır

Seçicilərdən işlə təmin olunma ilə bağlı çoxlu müraciətlər alırıq. Vətəndaşların əsas şikayəti dövlət qurumlarında vakansiya barədə məlumatların Dövlət Məşğulluq Agentliyinə verilməməsidir.

 

Viral.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü deputat Aqil Məmmədov komitənin bu gün keçirilən iclasında deyib.

 

“Dövlət qurumlarında elə işlər var ki, imtahanla götürülür, amma texniki işlərlə bağlı vakansiyaları Dövlət Məşğulluq Agentliyinə vermirlər. Bura rəhbərlər özləri işçi təyin edirlər. Biz bu mexanizmə yenidən baxmalıyıq. Dövlət qurumlarında vakansiya barədə məlumat verməyənlər cəzalandırılmalıdır. Bu məsələ ilə bağlı yeni mexanizm tətbiq edilməlidir, vakansiya barədə məlumat verməyən qurumlar müəyyənləşdirilməlidir”, – o qeyd edib.

 

Aqil Məmmədov bildirib ki, peşə hazırlığından keçən şəxslərin sonrakı taleyi ilə maraqlanılmalıdır:

 

“Yəni 15 minə qədər şəxs gəlir ki, peşə hazırlığından keçir. Bəs onların iş tapıb-tapmaması ilə maraqlanılırmı? Digər tərəfdən, müsabiqə ərəfəsində regionlarda da iş yerlərinin yaradılması diqqətdə olmalıdır. Regionlarda da gənclərin, insanların işlə təmin olunması diqqətdə olmalıdır. Müsabiqələrdə daha çox Bakı və Bakı ətrafı rayonlarda yeni iş yerlərinin yaradılması məsələsi müşahidə edilir”.