Ünvanlı yardım üçün müraciət prosedurunun təkmilləşdirilməsinə aydınlıq gətirildi

Bundan sonra ünvanlı sosial yardım üçün müraciət zamanı ailəni təmsil edən şəxslərdən ailə üzvlərinə dair bir sıra məlumatların qeyd edilməsi tələb olunmayacaq.

 

Viral.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov “Ünvanlı yardım” elektron sisteminin yenidən qurulması ilə əlaqədar ünvanlı yardım üçün müraciət prosedurunda tətbiq edilən yeniliklərə dair keçirdiyi brifinqdə bildirib.

Son Yazılar:

 

O, yardım üçün müraciət edərkən “Ərizə-bəyannamə”də qeyd edilməsi tələb olunmayan məlumatların sırasını qeyd edib. Bu sıraya əmək haqqı, pensiya, müavinət, təqaüd, kompensasiya, işsizlikdən sığorta ödənişi almaları, tələbə, şagird, işsiz, keçmiş məcburi köçkün, hərbi xidmətdə olmaları, daşınmaz əmlakı, torpaq pay mülkiyyəti, sahibkarlıq fəaliyyəti, nəqliyyat vasitəsinin olması, kommunal xərcləri, telefon nömrələri və xərcləri, sərhədkeçməsi, cəzaçəkmə müəssisəsində olması, əlilliyinin olması, əlilliyi olan şəxsə qulluq etməsi, özünüməşğulluq proqramı üzrə müqaviləsinin olması, 3 yaşadək uşağa qulluq etməsi, buna, habelə hamiləlik və doğuma görə məzuniyyətlə əlaqədar ödənişlər alması barədə məlumatlar daxildir.

 

DSMF sədri bu məlumatların e-sistem tərəfindən müvafiq qurumların informasiya sistemlərindən əldə ediləcəyini deyib.

 

O, ailənin maddi-məişət şəraiti yoxlanarkən bir sıra məlumatların “Ərizə- bəyannamə” də düzgün qeyd olunmadığı müəyyən edildikdə, həmin məlumatlara düzəliş edilməsi və müraciətə yenidən baxılması imkanının yaradıldığını da vurğulayıb.

 

Bildirilib ki, yeni “Ünvanlı yardım” e-sisteminə giriş yalnız “Digital (ASAN) Login” üzərindən mümkün olacaq.