Ölkənin ikinci ən böyük şəhəri olan Gəncədə əhalinin içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadənin yaxşılaşdırılması məqsədilə həyata keçirilən layihənin icrası davam edir.
Viral.az xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Gəncə Şəhər Sukanal İdarəsi tərəfindən şəhərin əksər küçə və prospektlərində köhnə su boruları yeniləri ilə əvəzlənir. Su təchizatı ilə paralel olaraq kanalizasiya sistemi üzrə də bu işlər həyata keçirilir.
Gəncə şəhər Sukanal İdarəsinin rəisi Şöhrəddin Verdiyev açıqlamasında qeyd edir ki, şəhərdə 2024-cü il ərzində 12.000 metr içməli su, 10.000 metr kanalizasiya xətti çəkilib: “Həmçinin 1500 ədəd su sayğacının quraşdırılması nəzərdə tutulub. Hazırda işlər yekunlaşmaq üzrədir. 47 faiz su xətti, 44 faiz kanalizasiya xətti çəkilib. Gəncə şəhərinin 71.500 abonentinin 40.000-i dayanıqlı içməli su ilə təmin olunur”.
Son Yazılar:
- Lamiyə Vəliyeva əcnəbi ilə evlənir – FOTO
- Vəkillər Kollegiyasının rəhbərliyi yeni hakim təyin olunan vəkilləri təltif etdi
- Həftəsonu sürücülərin növbəti imtahanı olacaq
Gəncə şəhərinin su təchizatı 3 mənbədən – Göygöl-Gəncə, Şəmkir-Gəncə magistral su xətləri və 97 ədəd subartezian quyuları vasitəsi ilə reallaşdırılır. Su şəbəkəyə ümumi tutumu 41530 kubmetr olan 9 ədəd mərkəzi və 18 ədəd məhəllədaxili su anbarları vasitəsilə verilir.
Şəhər sakinləri əvvəlki illərlə müqayisədə daimi içməli su ilə təmin olunduqlarını bildirirlər.
Gəncə sakini Rafiq Hüseynov əhaliyə göstərilən su təchizatı xidmətindən razılığını ifadə edir: “Suyun verilməsindən əziyyət çəkirdik. Bizim əraziyə su iki gündən bir verilirdi. İndi isə daimi təmiz suyumuz gəlir, içirik, yuyunuruq, həm də istifadə edirik. Su isə olduqca uzaqdan, düz Seyfəlidən gəlir. Sağ olsun əziyyət çəkənlər də, istifadə edənlər də”.
Gəncə şəhəri Mirzə Abbas Abbaszadə, Həsən Əliyev, Fərhad Əliyev, Bakı Fəhləsi, Hacı Zeynalabdin Tağıyev, Müseyib Bağırov küçələrində, Yeni Gəncə qəsəbəsində, 38-ci Hərbi şəhərcikdə sıradan çıxmış müxtəlif su boruları polietilen borularla əvəz olunub.
Şəhərinin istənilən küçəsində baş verən qəza hadisələri qəza xidməti tərəfindən dərhal nəzarətə götürülür və aradan qaldırılır.
Sukanal İdarəsinin rəisi onu da vurğulayıb ki, Üzeyir Hacıbəyov küçəsindəki diametri 300 millimetrlik polad borudan ibarət magistral su xəttində qəza olub, dərhal təmir işləri başlanılıb, problem qısa müddətdə aradan qaldırılıb, suyun verilməsi bərpa edilib.
Gəncə şəhər Sukanal İdarəsi yerli əhalinin dayanıqlı və keyfiyyətli içməli su ilə təminatını, o cümlədən tullantı, yağış sularının axıdıldığı xətlərin bərpası və yenilənməsi istiqamətində işləri intensiv həyata keçirir.