Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Bakının Səbail rayonunda yerləşən “Xaqani” bağında və ətraf ərazilərdə aparılmış abadlıq-yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.
Viral.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlətimizin başçısına bağda həyata keçirilən abadlıq-yenidənqurma işləri barədə məlumat verdi.
Bildirildi ki, “Xaqani” bağının mövcud ərazisi genişləndirilib, istirahət guşəsinin ətrafındakı Rəsul Rza, Qoqol və Xaqani küçələrində avtomobil yolları ləğv edilərək piyadaların istifadəsinə verilib. Ümumi ərazisi 1,4 hektar olan bağın ərazisində yaşıllaşdırma, işıqlandırma işləri görülüb, müasir oturacaqlar quraşdırılıb, uşaq əyləncə zonası yaradılıb və ətrafda olan yaşayış binalarında təmir-bərpa işləri aparılıb.
Son Yazılar:
- Eltisinin ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət
- 300 milyard dolların təsdiqləndiyi an
- Qəfil ölüm: Hansı qan qrupundan yan keçir?
Qeyd edək ki, bu, dövlətimizin başçısının Bakı şəhərində parkların, xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən abadlaşdırılan növbəti istirahət guşələrindən biridir. Şəhərin mərkəzində yerləşən bağda sakinlərin istirahəti üçün qısa müddətdə gözəl şərait yaradılıb.
Bu bağın Formula 1 Azərbaycan Qran-Prisinin keçirildiyi bir zamanda və Bakının ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində istifadəyə verilməsi ölkəmizə gələcək turistlərin istirahətinin səmərəli təşkilinə də böyük töhfə olacaq.
Xatırladaq ki, paytaxtımızda ən müasir parklar və yeni yaşıllıq zolaqları salınır, Bakının qədim tarixi memarlıq nümunələri bərpa edilir və müasir binalar tikilib istifadəyə verilir. Bu işlərin hamısı şəhərə daha çox gözəllik və kolorit verir, məhz bunun sayəsində Azərbaycan paytaxtı insanların həyatı və asudə vaxt keçirməsi üçün rahat məkana çevrilir. Yeni parkların salınması və mövcud olanların yenidən qurulması, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tədbirlər də ətraf mühitin sağlamlaşdırılması işinə mühüm töhfə verir.