Varlığımızın tarixi: 8 NOYABR

8 noyabr. Bu tarixdə Azərbaycan öz varlığının sübutu, cənnət diyarı, mədəniyyət mərkəzi – Şuşanı düşmən tapdağından azad etdi. Şuşanın azad edilməsi Azərbaycanı qələbəyə bir addım daha yaxınlaşdırdı.

Şuşa keçilməz bir qaladır və heç kim Azərbaycan ordusunun bu zirvəni aşa biləcəyinə inanmırdı, ancaq o tarixdə, yəni 8 noyabrda şanlı Azərbaycan ordusunun gücünün hansı səviyyədə olmasını bütün dünya gördü. Qəhrəman Azərbaycan əsgərinin tətbiq etdiyi xüsusi taktikalar, arxa cəbhədəki insanların şücaəti, qocaların duası, körpə uşaqların beşikdəcə səngərə atılması, Azərbaycan qadınının məğrur duruşu, babalarımızın nəfəsi və ən əsası şəhidlərimizin qanı bizə o zəfəri qazandırdı.

10 noyabrda imzalanmış müqaviləyə əsasən işğalçı ölkə, yəni Ermənistan məğlub olduğunu etiraf edərək digər işğal altında saxladığı əraziləri tərk etməyə məcbur oldu.
30 ilə yaxın işğal altında olan Azərbaycan torpaqlarında bütün tarixi abidələr, məscidlər, xiyabanlar dağıdılmış, insanlara həyat verən ağaclar kəsilmişdi… Bu dağıntıları təsvir etmək imkansızdır. Sadəcə imkansız. Ancaq bütün bunlara rəğmən biz bir dövlət olaraq mədəniyyət sahibi olmuş və daim qurub-yaratmışıq.

Ermənilər tərəfindən məhv edilmiş bütün kəndlərdə, rayonlarda və şəhərlərdə quruculuq işləri bu gün ən yüksək səviyyədə həyata keçirilir. Cənnəti xatırladan yurd yerlərimiz daha da gözəlləşir. Bundan sonra Vətən torpağı dərindən nəfəs alacaq. Bulaqlar, çaylar sevincindən coşub-daşacaq. Günəş hər səhəri, ay hər gecəni xoşbəxtliklə doğacaq.

Sonda Zəfər günümüzü iki bəndlik şeirlə təbrik edirəm:

Hər daşın mənadır, hər yerin əlvan,
Bir vətən deyirəm bənzəri olmaz.
Qaranlıq gecələr zülmət olmadı
Səbəbi Mübariz, Həşimov Polad.

O yurd ki, daim igid görübdü,
Şəhidi bayrağa özü bükübdü
O bayraq həmişə səmanın özü
Enməsin göylərdən o gözəl üzü!

Maarif Məmmədli, BDU Jurnalistika fakültəsinin tələbəsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir