COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

15-16 noyabr 2024-cü il tarixlərində COP29 çərçivəsində Bakıda Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) və Azərbaycan Respublikası Energetika Nazirliyi tərəfindən Mərkəzi Asiyada Enerji keçidi üzrə ilk İnvestisiya Forumu keçiriləcək. Forum, iqlimlə bağlı maliyyələşmənin əsas prioritet istiqamət olduğu nəzərə alınmaqla, bu sahədə ambisiyaların artırılmasına və praktiki tədbirlərin həyata keçirilməsinə dəstək məqsədini daşıyır.

Viral.az xəbər verir ki, Forumun keçirilməsi ilə bağlı IRENA-nın baş direktoru Francesco la Camera deyib: “Lazımi investisiyaların cəlb edilməsində ciddi çətinliklərlə üzləşməsinə baxmayaraq, Mərkəzi Asiya bərpa olunan enerji mənbələrindən istifadənin inkişafı üçün böyük potensiala malikdir. COP29 çərçivəsində enerji keçidinə dair Bakıda keçiriləcək İnvestisiya Forumu sərmayələrlə bağlı maneələri aradan qaldırmaq, maraqlı tərəflərin fəaliyyətlərini əlaqələndirmək və dünyanın diqqətini bu bölgədən olan layihələrə cəlb etmək üçün xüsusi olaraq hazırlanmışdır.”

COP29-un prezidenti Muxtar Babayev əlavə edib: “Azərbaycan yaşıl enerji keçidinə sadiqdir və hazırda bərpa olunan enerji mənbələri sahəsində qonşu Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıq qurulub. Enerji sistemlərinin birləşdirilməsi haqqında Azərbaycan, Qazaxıstan və Özbəkistanın energetika nazirləri arasında əldə edilmiş razılıq kimi təşəbbüslər bu əməkdaşlığın sübutdur. Biz inanırıq ki, dünya bu ilin noyabrında Bakıda bir araya gələndə COP29 tədbiri gənclərin, bərpa olunan enerji potensialının və canlı iqtisadiyyatın köməyi ilə Mərkəzi Asiyanın yaşıl və ədalətli inkişaf yolunda irəliləməsi üçün tramplin rolunu oynaya və bu yolu davam etdirmək üçün lazımi investisiyaları cəlb edə bilər.”

Son Yazılar:

Energetika naziri Pərviz Şahbazov isə bildirib: “Azərbaycan bərpa olunan enerjinin regional layihələrlə inkişafını təmin edən strateji əhəmiyyətli təşəbbüslərin reallaşması üçün mühüm addımlar atır. Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi, Mərkəzi Asiya ölkələrinin nəhəng enerji potensialının “yaşıl enerji dəhliz”ləri ilə Türkiyə və Avropa bazarlarına nəql olunması əsas prioritetlərimizdən biridir. COP29 zamanı lRENA və Azərbaycanın birgə keçirəcəyi Enerji Keçidi İnvestisiya Forumunun Mərkəzi Asiya ölkələri ilə “yaşıl enerji” tərəfdaşlığını gücləndirəcək, investorların, enerji şirkətlərinin marağını cəlb edəcək və müştərək layihələrimizin həyata keçirilməsini sürətləndirəcək məhsuldar platforma olacağına inanırıq.”

Qeyd edək ki, iki günlük forumda Mərkəzi Asiyadakı bərpa olunan enerji keçidi layihələrinə investisiya yatırımlarının təşviqi məqsədilə dünya və region üzrə maraqlı tərəflər bir araya gələcək. Forum BƏƏ-nin COP28-də əldə etdiyi konsensus nəticələrini irəlilətmək üçün bərpa olunan enerjinin inkişafını təşviq etmək və enerjiyə keçidlə əlaqəli texnologiyalara investisiyaların artırılması imkanları ilə bağlı hökumətlər, maliyyə institutları, investorlar, layihənin icraçı tərəfdaşları, layihə tərtibatçıları (developerlər) və digər əsas maraqlı tərəflər arasında geniş dialoqun təşkili üzrə platforma təmin edəcək. Burada həmçinin ikitərəfli sessiyalar üçün imkanlar və qlobal investorlara, maraqlı tərəflərə regionun bərpa olunan enerji layihələrini nümayiş etdirəcək sərgi sahəsi təqdim olunacaq.

IRENA Mərkəzi Asiyadan olan şirkətləri bərpa olunan enerji layihələrini Forumda investorlara təqdim etməyə dəvət edir. Seçilmiş layihələr İqlim İnvestisiya Platforması (CIP) və IRENA tərəfindən idarə olunan Enerji Keçidinin Sürətləndirməsi Platforması (ETAF) tərəfindən nəzərdən keçirilə bilər.

Layihələrə olan tələblər haqqında CIP və ETAF saytlarından ətraflı məlumat əldə edilə bilər.