Ankarada Müstəqillik Günü qeyd olundu

Ankarada 28 may – Müstəqillik Günü və 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə təntənəli bayram tədbiri keçirilib.

 

Son Yazılar:

Viral.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyindən bildirilib.

 

Qardaş Türkiyədə Azərbaycana xüsusi münasibətin göstəricisi olaraq bayram tədbiri adətən mühüm dövlət tədbirlərinin keçirildiyi Türkiyə Respublikasının Prezidenti Administrasiyasının Konqres və Mədəniyyət Mərkəzində təşkil edilib.

Müstəqilliyimiz uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsinə 1 dəqiqəlik sükut və iki ölkənin dövlət himnlərinin səsləndirilməsinin ardından açılış çıxışları edilib.

 

Səfir Rəşad Məmmədov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin davamçısı olan müstəqil Azərbaycan Respublikasının dövlət və ordu quruculuğunda əldə etdiyi uğurlardan danışıb və bütün həmvətənlərimizi bu əlamətdar gün münasibətilə təbrik edib. Səfir Azərbaycan – Türkiyə münasibətlərinin dövlətüstü xarakterindən danışaraq iki ölkənin dövlət başçılarının – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın bu münasibətlərin inkişafına verdiyi töhfəni vurğulayıb.

 

Dövlət qonağı qismində tədbirdə iştirak edən Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş çıxışında Azərbaycanın Müstəqillik Günü və Silahlı Qüvvələr Günü münasibəti ilə təbriklərini çatdırıb və qardaş ölkələr olan Azərbaycan və Türkiyənin türk dünyasının güclənməsində roluna toxunub. TBMM sədri Azərbaycanın son dövrlərdə əldə etdiyi uğurlardan danışıb, torpaqlarını işğaldan azad edən Azərbaycanı alqışlayıb.

 

Çıxışların ardından Azərbaycanın müstəqillik tarixini əks etdirən qısa film nümayiş etdirilib.

 

Bayram tədbirinin bədii hissəsində müğənni Çinarə Məlikzadə, Müdafiə Nazirliyinin Hərbi Orkestrinin solistləri Kənan Qədimov və Aynur İsgəndərlinin, eləcə Azərbaycan Respublikasının xalq artisti tarzan Sahib Paşazadənin və Azərbaycan Dövlət Rəqs Ansamblının iştirakı ilə təntənəli konsert proqramı təqdim olunub, milli musiqimizin nümunələri və sevilən Azərbaycan rəqsləri sərgilənib.

 

Müstəqillik Günü və Silahlı Qüvvələr Günü münasibətilə təşkil olunmuş bayram tədbirində Türkiyənin Respublikasının yüksək vəzifəli şəxsləri və digər dövlət rəsmiləri, millət vəkilləri, Türkiyə ictimaiyyətinin nümayəndələri, bu ölkədə yaşayan soydaşlarımız iştirak edib.