Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Viral.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin Təftiş şöbəsinin sabiq rəisi, polkovnik Rafail Xələfov sorğu-sual edilib.
Hakim elan edib ki, Rafail Xələfov əvvəllər məhkəmədə şahid qismində ifadə verib. Lakin Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadənin vəsatəti ilə o, təkrar məhkəməyə çağırılıb. Buna səbəb bəzi şahidlərin ifadəsi ilə onun dediklərinin uyğun gəlməməsi ilə bağlı olub. Hakim onu da qeyd edib ki, Rafail Xələfov təqsirləndirilən şəxslərlə birgə məsuliyyətə cəlb edilsə də, sonra onun barəsində olan cinayət işi ayrıca icraata götürülüb.
Son Yazılar:
- Kanada Ukraynaya NASAMS HHM sistemi verdiyini TƏSDİQLƏDİ
- “Yalı çapkını” final edə bilər
- ABŞ səfirliyi yaxınlığındakı şübhəli obyekt mulyaj bomba olub
Daha sonra Rafail Xələfov Nizami Məmmədovun vəkillərinin sullarını cavablandırıb. Rafail Xələfov qeyd edib ki, onun barəsində olan cinayət işi üzrə istintaq davam edir. Vəkilin daha bir sualı isə Rafail Xələfovun sonuncu dəfə məhkəmədə şahid qismində dindirildikdən sonra nə qədər ziyanın dövlət büdcəsinə ödəməsi ilə bağlı olub. Polkovnik məhkəmədə dindiriləndən sonra dövlət büdcəsinə ziyanla bağlı ödəniş etdiyini desə də, məbləği açıqlamaq istəməyib.
Amma Rafail Xələfovun vəkili bu məbləği açıqlayıb. Vəkil deyib ki, Rafail Xələfov tərəfindən hələ ki cəmi 800 min manat ödəniş edilib.
Vəkil Rəşad Mirmehdizadənin “Təftiş Şöbəsinin zabiti olan Teymur Teymurov məhkəmədə gəlib ifadə verdi ki, sizinlə onun arasında verdiyi məbləğlərdə ziddiyət var. Ümumiyyətlə bunu təsdiq edirsiz?” sualına Rafail Xələfov belə cavab verib: “İlkin ifadəmdən başqa bütün ifadələrimi təsdiq edirəm. Amma mənim Teymur Teymurovla heç bir problemim olmayıb. İbtidai istintaqda ilkin ifadəmi verən zaman bir qədər fikirli olmuşam”.
İbtidai istintaqda Rafail Xələfovun birinci verdiyi ifadəsinin həm Nizami Məmmədovun, həm də yoxlayıcıların verdikləri ifadələrlə üst-üstə düşməsi barədə verilən suala isə Rafail Xələfov belə cavab verib: “Biz həmin zabitlərlə bir yerdə xidmət etmişik. Bu pulları bir yerdə mənimsəmişik. Bu barədə danışmaq istəmirəm”.
Rəşad Mirmehdizadə daha sonra Bayram Bayramova suallar ünvanlayıb. Ondan alınan məbləğlə bağlı Rafail Xələfovla aranızdakı epizodda çox ziddiyətli məqamların olduğunu deyib.
Bayram Bayramov bildirib ki, Rafail Xələfovla birlikdə 2021-ci ildə onun maliyyə xidmətinin rəisi olduğu korpusda yoxlama aparmağa gəliblər. Onun sözlərinə görə, həmin dövrdə bilinən və bilinməyən vəsaitlər olub: “Yoxlamaya gələnlər bilinən vəsaitlərlə bağlı 30 faiz, bilinməyən vəsaitlərlə bağlı isə 60 faiz alıblar. “N” saylı korpusda 2021-ci ilin təftişi zamanı Həsən Paşayevlə Rafail Xələfova 1 milyon 263 min manat təftiş pulu vermişəm. Ancaq o daha aşağı olan başqa məbləğ aldığını deyir.
Rafail Xələfov bildirib ki, həmin məsələ ilə bağlı bundan əvvəl dindirmə zamanı ətraflı ifadə verib: “Boş-boş suallara cavab vermək istəmirəm. Pulu Həsənə verdi, mənə verdi fərqi yoxdur. Ümumilikdə Bayram həmin gün 950 min manat pul verib”.
Daha sonra Rəşad Mirmehdizadə Cəlal Kazımova suallar verib. Vəkil Cəlal Kazımovla Rafail Xələfovun ifadələri arasında verilən məbləğlə bağlı mübahisəli rəqəmlər olduğunu diqqətə çatdırıb və bu barədə Cəlal Kazımovun nə deyə biləcəyini soruşub. Cəlal Kazımov hakimlərə müraciət edərək Rafail Xələfovun oğlunun hazırda məhkəmə zalında olduğunu deyib. Cəlal Kazımov onun zaldan çıxmağını xahiş edib: “Bəzi məsələlər var, onun atası barədə bu sözləri eşitməyini istəmirəm”.
Hakim Fikrət Əliyev bu məhkəmə prosesinin qapalı keçirilmədiyini deyib və Rafail Xələfovun oğlunun zalda oturmağının hər hansı bir qanun pozuntusu olmadığını bildirib. Hakim qeyd edib ki, qapalı olan məqam varsa, prosesi qapalı keçirə bilərlər. Amma sonradan bu məsələ müzakirə edilmədən proses davam etdirilib.
Cəlal Kazımov deyib ki, Rafail Xələfovla bəzi məbləğlərdə aralarında ziddiyət var: “210 min manatda, Fariz Nəbiyevlə bağlı 70 mində, bir də inspeksiya pulu adı ilə 2 dəfəyə verilən 140 mində. Bu pulların hamısını Rafail Xələfova vermişəm”.
Rafail Xələfov isə deyib ki, həmin məbləğlərin hamısını aidiyyəti üzrə rəhbərliyə çatdırıb.
Cəlal Kazımov onu da qeyd edib ki, 143 milyonluq cinayət işində tək 4 nəfərlə bağlı 7 milyon 555 min 216 manat çatışmazlıq var, bu pullar da Rafail Xələfovdadır. O açıqlama verməlidir.
Daha sonra Rafail Xəfəlova Cəlal Kazımovun vəkili Əli Adıgözəlov suallar verib.
Əli Adıgözəlov “Cəlal Kazımov demir ki, həmin məbləği alıb cibinizə qoymusunuz. Misal üçün, həmin məbləğdən 140 min manatı inspeksiya və ya kurasiya pulu kimi almısınız. Bu halı təsdiq edirsiz?” sualına Rafail Xələfov belə cavab verib: “İnspeksiya pulu olub, kurasiya pulu yox. Alınıbsa da verilib yuxarıya. Cəlal Kazımov 140 min inspeksiya pulu verib, təsdiq edirəm”.
Daha sonra vəkilin Cəlal Kazımovun “N” saylı hərbi hissənin maliyyə xidmət rəisi olan Anar Məmmədovun bağını satdırmaq istəməsi ilə bağlı sualına Rafail Xələfov belə cavab verib: “Anar Məmmədov pul verən deyildi. Mən ifadəmdə də qeyd eləmişəm ki, bu haldan xəbərim yoxdur. Anar Məmmədovu təftiş işçilərim yoxlamayıb, Cəlal Kazımovun özü yoxlayıb”.
Cəlal Kazımov isə bildirib ki, 2018-ci ildə yoxlama zamanı təftişçilərin sırasına onun özü də qatılıb: “Anar Məmmədovun maliyyə xidmət rəisi olduğu hərbi hissədə 89 min manat yeyinti olduğu deyilsə də, 300 min manat mənimsəmə aşkar etdim. Mən həmin hərbi hissənin aktını dərhal yazmadım. Mən Anara dirənmişdim ki, evini satıb dövlətdən mənimsədiyi pulu ödəsin. Həmin aktı 5 aydan sonra yazdım. Cəmi 30 min manat pul verdi, ondan da 24 min manatı mənə çatdı”.
Daha sonra Rafail Xələfov inspeksiya pulu adı altında yığılan məbləğlə bağlı suallara belə cavab verib: “Bilmirəm, mən o məbləği deyə bilmərəm. 450 min manat mənimsəmə çıxıb”.
Rafail Xələfov Namiq Poladova pul verilməsi ilə bağlı suallara isə belə cavab verib: “Namiq Poladov məni sürgün etmişdi. Amma mən bu barədə bir söz deyə bilmərəm. Bilirəm ki, məndən söz almaq istəyirlər”.
Rafail Xələfovun dindirilməsi bitdikdən sonra Vüsal Əlizadənin vəkili müvəkkilinin həbsdə olan ipoteka yüklü evinin üzərindən həbsin götürülməsini məhkəmədən xahiş edib: “Əlimizdə çeklər var, pulu tam ödəmişik, ancaq bank arayışı vermək istəmir. Pulumuzu dərhal alırlar, ancaq arayışı bir aya verirlər. Evin üzərindən həbsi götürün, sataq dövlətin pulunu ödəyək”.
Hakim Fikrət Əliyev isə ödəmə ilə bağlı banka sorğu verildiyini, o cavab gələndən sonra bu məsələyə qayıdacağını qeyd edib.
Bundan sonra vəkil Rəşad Mirmehdizadə 143 milyon məbləğin şişirdildiyi ilə bağlı bəzi məsələlərə aydınlıq gətirib: “İfadə verən şəxslərin ifadələrindən də aydın olur ki, bu məbləğ şişirdilib. Qeyd edim ki, Maliyyə Nazirliyinin Müdafiə Nazirliyinə nəzarət edən şöbəsi 2017-2021-ci illərdə büdcənin xərclənməsi ilə bağlı heç bir qanun pozuntusunun olmadığını təsdiq ediblər, hər il yoxlamalar aparıblar, yeyinti aşkar etməyiblər. Büdcəni ayıran Maliyyə Nazirliyinin Xəzinədarlığı hara baxırdı, əgər yeyinti varsa, nə məqsədlə bu qədər pul ayırırdılar. Bu məbləğ hansı sənədlər əsasında təsdiqlənib, sübutlar yoxdur. Bəzi məbləğlərə ittiham tərəfi də qiymət verə bilmir, açıq qalıb. Hüquqlarını müdafiə etdiyim şəxsə əlavə olaraq 4,6 milyon manatla bağlı ittiham veriblər. Namiq Poladov gəlib bu məsələyə aydınlıq verməli idi, o vəsatətim də təmin olunmadı. Rafail Xələfov ilkin ifadəsində bütün məsələlərlə bağlı düzgün ifadə versə də sonradan “fikirli olmuşam” deyib ifadəsini dəyişib. Halbuki ilkin ifadəsi ilə həm Nizami Məmmədovun, həm yoxlayıcıların, həm də hərbi hissələrin maliyyə xidmət rəislərinin ifadələri üst-üstə düşür. Biz ilkin ifadəmizdə nəyi necə demişiksə bütün istintaq və məhkəmə boyu onun üstündə də dururuq”.
Cəlal Kazımov da 143 milyonluq ittihamla razılaşmadığını söyləyib: “Bu məbləğin mənimsənilməsi qeyri-mümkündür. Xəzinədarlıqdan çıxarılan məbləğlər şişirdilmiş rəqəmlərdir. Hərbi hissələrdə hərbçilərə verilən nağd ödənişlərin hamısı qalıb bizim boynumuzda, halbuki bu hal demək olar bütün hərbi hissələrdə olub. Rafael Xələfov da aldığı məbləğləri inkar edir”.
Növbəti proses oktyabrın 11-də davam edəcək.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.
Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyondan çox hissəsi ödənilib.
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.
// redaktor.az