44 günlük Vətən müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasının 4 ili tamam olur.
Viral.az xəbər verir ki, Ermənistan silahlı qüvvələri Vətən müharibəsinin 8-ci günü – 2020-ci il oktyabrın 4-u saat 10 radələrində Gəncə şəhərinin raket atəşinə tutub.
Azərbaycanın ikinci böyük şəhəri, beş yüz mindən çox əhalisi olan, cəbhə zonasından uzaqda yerləşən Gəncə şəhərinin tutulması nəticəsində şəhər sakini Əliyev Tunar Qoşqar oğlu həlak olub, 32 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Şəhərin infrastrukturuna, yaşayış evlərinə külli miqdarda ziyan vurulub.
Son Yazılar:
- Qarabağa səfər edənlərin diqqətinə: Biletlər satışa ÇIXARILIR
- Bu qatarların reysləri bərpa OLUNUR
- Bu şəxslərdən "Xalq artisti", "Əməkdar" və "Əməkdar hüquqşünas" adları geri alındı – FƏRMAN
Ermənistan Cenevrə Konvensiyasının tələbləri pozaraq dinc əhalini atəşə tutmaqla növbəti müharibə cinayəti törədib.
Qeyd edək ki, Vətən müharibəsi dövründə 5 dəfə Ermənistanın terror hücumuna məruz qalıb. Şəhər 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumlarına məruz qalıb.
Ümumilikdə bu dəhşətli terrorlar nəticəsində 26 nəfər həlak olub, 175 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Eyni zamanda, Vətən müharibəsi zamanı Azərbaycanın digər böyük şəhəri olan Bərdədə törədilmiş terror nəticəsində 29 nəfər həlak olub, 112 nəfər yaralanıb.
Ümumilikdə, Vətən müharibəsinin gedişində Ermənistan Gəncə və Bərdə ilə yanaşı, Yevlax, Beyləqan, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Xızı və digər şəhər və rayonları da ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutub. Bu hərbi təcavüzlər nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla, 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb.
Ümumilikdə 12292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib.