Evin kandarından küçəyə doğru iki-üç addım yerimişdim ki, cır səsə diksindim: “Brat, ay brat, nə var, nə yox?
Bu, musiqi məktəbində beş il birlikdə oxuduğum Bəynisənin ortancıl qardaşı Bəybala idi. Mən musiqi məktəbində tar dınqıldadanda, bacısı da kamança cüyüldədirdi. Ataları Nuhbala kişi də orta məktəbdə Azərbaycan dili və ədəbiyyat fənnindən dərs deyirdi. Amma di gəl ki, Nuhbalanın ağzından urus kəlmələri əskik olmurdu. Çox başınızı ağrıtmayım. Hal-əhvaldan sonra üzü bazara tərəf yön aldım.
Bu başdan deyim ki, qəribə bir şakərim var. Evdən çıxmamış mütləq hansısa yazını, məqaləni, xəbəri gözdən keçirməliyəm. Əksi olsa küçədə özümü boş çuval zənn edərəm.
Son Yazılar:
- Çexiya daşqınlardan dəyən ziyanı açıqladı
- “Beşiktaş” doğma meydanda məğlub OLDU
- Məşhur azərbaycanlı tiktokerin həbsinin detalları – Fotolarla şantaj edirmiş…
Oxumuşdum ki, bəs Amerikanın Kaliforniya ştatının Livermor adlı balaca şəhərində 110 ildir xarab olmayan işıq lampası var. Hətta bu lampa Ginnesin rekordlar kitabına da düşübmüş. Anidən gözümün önündə blokumuzun xarab lampası canlandı. Əşi, bizim bu lampa heç on gün ömür “yaşamır”, gələn-gedən müasir toylarımızın diskoteka işığı kimi yazığı yandırır-söndürür. Divardan başıaşağı asılan fağırı bəzən cibinə qoyub aparan da tapılır.
Əlqərəz. Köşkdən aldığım qəzeti qoltuğuma qoyub yolun sağ tərəfindəki “Elektrik mağazası”na daxil oldum.
İçəridə məni iki şəvəsaqqal, enlikürək satıcı qarşıladı. Mağaza müxtəlif rəngli lampaların işığında şah sarayını xatırladırdı. Bir anlıq qarşımda dayanan satıcılar gözümə tarix kitablarından tanıdığım Xosrov şah Baysunqur kimi göründülər. Mən onların önündə yazı-pozu işləri ilə məşğul olan zavallı mirzə kimi dayanmışdım. Bunlara altdan yuxarı baxıb salam mənasında başımı yellədim. Onlar da öz növbəsində və şaqraq səslə: “Salam Aleykum, əxi. Nə kömək edə bilərik? dedilər.
Dəxi bu “əxi” ifadəsinə də dözməyib mağazanı əlim ətəyimdən uzun şəkildə tərk elədim. Onsuz Bəybalanın “brat” ifadəsi ovqatımı təlx eləmişdi, üstəlik də bu “əxi” məsələsi.
Öz-özümə “Əxi, eee üzr istəyirəm, axı mən nə günah qayırmışam ki, hərə bir dildə üstümə hücum çəkir?” deyərək beynimi dələn giley-güzarla üz tutdum evə sarı.
“Vallah adam evinin kandarından bir addım çölə qoymaq istəmir” düşüncəsindən yeni “ayılmışdım” ki, telefonuma köhnə sinif yoldaşımdan sms gəldi: “Abi, axşama vaxtın var?”
Az qala başıma hava gələcəkdi. Bu mərəz nədir axı, yapışıb camaatın dilinə? Telefonu söndürüb kurtkamın ən dərin cibinə qoydum.
Elə bu vaxt məhəllənin yuxarı başından iranlılar demişkən “Əmrikə”dən (Amerika) yenicə gəlmiş sarıbaş Məmmədin səsi eşidildi: “Broooo, üzünü görək”…
Hər dəfə həmin günü xatırlayanda bir “qardaş” deyənimin olmamasına üzülürəm…
Əsgər İsmayılov