Özümdən-özümə yol gedirəm… Bəzən özümlə birlikdə yoldan çıxıram. Bu andaca qeybdən səs duyulur: “Kəndinə gəl!”
Yenidən özümə – yoluma qayıdıram.
Az gedirəm, üz gedirəm, dərə, təpə, düz gedirəm. Palçıqlı yoldan çıxıb asfaltda irəliləyirəm. Səliqə ilə çəkilmiş ağ və sarı yol zolaqları palçıqlı ayaqlarımın altında can verir, rəng dəyişir.
Son Yazılar:
- Həbs qərarına Netanyahunun ofisindən CAVAB
- Rusiya Ali Radaya zərbə endirəcək
- Damarları yağlı qidalardan qorumaq üçün nə içək?
Ayaqlar qumlu yolda dincəlir, daş-kəsəkdə kəsik-kəsik olur.
Ağrıdan çeçələ barmaq baş barmaqdan imdad diləyir. Baş barmaq “Keçəl dərman bilsə öz başına çəkər” deyərək başındakı qabarı göstərir. Ayaqda halluks, valqus, bunion yaranır. Dabanın yabanı halı ayağı daha pərişan edir.
Mənsə yolumdan əl çəkmirəm. Palçıqlı, asfaltlı, qumlu, daş-kəsəkli yolla elə heeey gedirəm… Soruşan olanda da eyni sözü deyirəm: “Çərə gedirəm, çürə gedirəm, sənə nə var, hara gedirəm?”
Anidən ayaq saxlayıb geriyə boylanıram. Görürəm ki, gedilən təkcə yol deyilmiş:
– Üzümün abır rəngi gedib;
– Saçımın parlaqlığı gedib;
– Qaşımın sıxlığı gedib;
– Canımın şirəsi gedib;
– Vaxt at belində gedib;
– Dost düşmən qoynunda gedib;
– Qohum minnət edib gedib;
– Qonşu abrın yeyib, həyasın tullayıb gedib;
– İman da, inam da gedib;
– Hana da, dana da gedib;
– Həsir də, Məmmədnəsir də gedib;
– Naxır da, axur da gedib;
– Əvvəl də, axır da gedib;
– Ərik də, salam-əleyk də gedib;
— Əli Vəlini, Vəli Pirvəlini götürüb gedib;
– İt də gedib, ip də gedib…
Yerdə qalıb:
– Çoxu gedib azı qalan: MƏN
– Azı gedib çoxu qalan: YOL.
Nə deyim, gedəni saxlamazlar: mən getdim…
Əsgər İsmayılov