Milli Məclisdə Qadın Parlamentarilər Qrupunun iclası keçirilib

Milli Məclisdə Qadın Parlamentarilər Qrupunun üçüncü iclası keçirilib.

 

Viral.az xəbər verir ki, iclas “Qadınlar – TÜRKPA üzv dövlətlərində iqtisadiyyatın onurğa sütunu, sahibkarlığın hərəkətverici qüvvəsi” mövzusuna həsr olunub.

Son Yazılar:

 

Qrupun rəhbəri, Türkiyə Böyük Millət Məclisinin üzvü Zeynep Yıldız çıxışında bildirib ki, qadınların sosial-iqtisadi həyatda daha çox iştirak etməsi üçün səy göstərilməlidir:

 

“Bu sahədə qurulan inkişaf modelinin davam etdirilməsini təmin etmək olduqca önəmlidir. Ekosistemin yaradıldığı vaxtda davam etdirilə biləcək üsulları müəyyənləşdirmək də vacibdir. Mütləq şəkildə qızların oxuması, elmi fəaliyyətlərdə iştirakı, bu sahədə yetişdirilməsi vacibdir. Qadının qərarlılığı və iradəsi ilə daha konkret nəticələr əldə edəcəyimizə inanıram. Ümumilikdə qadınlar bir araya gəldikcə uğurlara imza ata biləcəyik”.

 

Milli Məclisin deputatı Məlahət İbrahımqızı qeyd edib ki, bir dövlətin gücü tək onun resursları ilə yox, birbaşa əmək bazarı ilə bağlıdır:

 

“Əmək bazarında həm kişi, həm qadın var. Demoqrafiyada qadınlar üstünlük təşkil edirsə və dövlət əmək bazarında kişilərin gücündən daha çox istifadə edirsə, təbii ki, o dövlətin iqtisadi cəhətdən problemləri olar. Mövcud stereotipləri qıraraq qadınların da sahibkarlıqla məşğul olması üçün mövcud qanunvericilik davamlı şəkildə yoxlanılmalı, mükəmməl qanun qəbul edilməli, digər türk dövlətlərinin bu sahədə mövcud təcrübəsi öyrənilməlidir”.

 

Qırğızıstanın Joqorku Məclisinin üzvü Çolpon Sultanbekova vurğulayıb ki, qadınlar hüquqi cəhətdən müəyyən problemlə üzləşir:

 

“Buna səbəb onların sahibkarlıq bacarıqlarına malik olmamalarıdır. Həmin qadınlar arasında təlimlərin keçirilməsi və bu sahədə maarifləndirmə işləri apararaq onların əmək bazarındakı rolunu dəstəkləyə bilərik”.

 

Sonda Qadın Parlamentarilər Qrupunun dördüncü iclasının yeri və tarixi də müəyyənləşib. Belə ki, növbəti iclas 2025-ci ildə Qazaxıstanda keçiriləcək.