Dövlət İmtahan Mərkəzi (DİM) doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dil üzrə, həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanlarında iştirak etmələri üçün qeydiyyat elan edir. Qeydiyyat noyabrın 4-dək davam edəcək.
DİM-dən Viral.az-a bildirilib ki, bu müddət ərzində Azərbaycan Respublikasının ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarında doktorantura və ya dissertanturada, həmçinin hərbi təhsil müəssisələrində adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçılar DİM-in internet saytında (//ekabinet.dim.gov.az) “Şəxsi kabinet” yaratmalı və xarici dil üzrə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında iştirak etmək üçün qeydiyyatdan keçməlidirlər.
Fəlsəfə doktoru imtahanlarının verilməsi iddiaçının dissertasiya müdafiəsinə buraxılması üçün mütləq şərtdir. Xarici dil üzrə, habelə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı DİM tərəfindən keçirilir. İmtahanda iştirak ödənişlidir. İddiaçılar ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına yuxarıda qeyd edilən imtahanların birində iştirak üçün tələb olunan 110 manat məbləğində pul vəsaitini əlavə etməlidirlər. İddiaçılar ərizələrini təsdiq edərkən onların şəxsi kabinetinin pul hesabından tələb olunan məbləğ (110 manat) silinir. Əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar həm xarici dil, həm də Azərbaycan dili imtahanında iştirak etmək istədikləri təqdirdə, hər imtahanda iştirak etmək üçün 110 (yüz on) manat ödəməlidirlər.
Son Yazılar:
- Kanada Ukraynaya NASAMS HHM sistemi verdiyini TƏSDİQLƏDİ
- “Yalı çapkını” final edə bilər
- ABŞ səfirliyi yaxınlığındakı şübhəli obyekt mulyaj bomba olub
Xarici dil üzrə B2 və ya daha yüksək səviyyəli beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF, STANAG) malik olanlar həmin sertifikatın qüvvədə olduğu müddətdə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azad olunurlar. Həmin şəxslər sertifikatlarının notariat qaydasında təsdiq edilmiş surətini attestasiya sənədlərinə əlavə etməlidirlər. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi Ali Attestasiya Komissiyası tərəfindən müəyyənləşdirilir.
Xarici dillər, həmçinin Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı xarici dildən doktoranturaya qəbul imtahanı ilə təxminən eyni məzmun və strukturda (dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar), yazı və danışıq bloklarından ibarət olmaqla keçirilir. Proqramlarla DİM-in saytında tanış olmaq mümkündür.
Fəlsəfə doktoru imtahanlarının nəticələri həmin imtahanların verildiyi tarixdən dissertasiyanın ilkin müzakirəsinədək beş il müddətində etibarlı sayılır. Xarici dil, həmçinin əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanını uğurla vermiş (xarici dil üzrə fəlsəfə doktoru imtahanından azı 30 bal, əcnəbilər üçün Azərbaycan dili imtahanından isə azı 25 bal toplamış) iddiaçılara Ali Attestasiya Komissiyasının müəyyən etdiyi formada həmin imtahanda onların göstərdikləri nəticəni özündə əks etdirən, fəlsəfə doktoru dissertasiyasının ilkin müzakirəsinədək beş il müddətində etibarlı sayılan şəhadətnamə verilir.
İddiaçının xarici dil, habelə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanının nəticəsi “qeyri-kafi” qiymətləndirildikdə ona şəhadətnamə verilmir.
Xarici dillər üzrə fəlsəfə doktoru imtahanının dekabrın 1-də, əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanının isə dekabrın 2-də keçirilməsi nəzərdə tutulur. Danışıq bloku üzrə imtahanın isə dekabrın 4-5-də keçirilməsi planlaşdırılır.